Gün
Saat
Dəqiqə
Saniyə
Lisenziyalaşdırma

 

Azərbaycan Cüdo Federasiyası

İctimai Birliyinin

 

L İ S E N Z İ Y A  Q A Y D A L A R I

 

  1. Ümumi müddəalar
  • Bu Qaydalar, Azərbaycan Cüdo Federasiyası İctimai Birliyi (ACF) tərəfindən cüdo idman növü üzrə idmançıların, məşqçilərin, hakimlərin və cüdo bölməsi olan idman klublarının lisenziyalaşdırılmasını tənzimləyir.
  • Lisenziya əldə etmək üçün hər bir fiziki və hüquqi şəxs ACF-nın Nizamnaməsini, Konfransının və İcraiyyə Komitəsinin qərarlarını və qaydalarını, həmçinin onlara edilən düzəlişləri qəbul və riayət etməyə razılıq verir.
  • Lisenziya üçün müraciət edən idmançı dopinq nəzarətin həyata keçirən Azərbaycan Anti-Dopinq Agentliyinə (AZADA) müvafiq məlumatların təqdim olunmasına razılıq verir.
  • ACF tərəfindən keçirilən və ya ACF-nin razılığı ilə keçirilən rəsmi yarışlarda yalnız bu Qaydalara uyğun olaraq lisenziya əldə etmiş idmançılar, məşqçilər, hakimlər və klublar iştirak edə bilər.
  • Aşağıdakı yarışlar ACF-nın rəsmi yarışları hesab olunur:
  • Azərbaycan çempionatı;
  • Azərbaycan birincilikləri (müxtəlif yaş qrupları üzrə);
  • Şəhər və rayon çempionatı və birincilikləri (müxtəlif yaş qrupları üzrə);
  • Bölgələr üzrə yarışlar;
  • ACF-nın razılığı ilə keçirilən digər yarışlar.
    • ACF, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsi, 10 ünvanında yerləşir. Əlaqə vasitələri: E-mail: lisenziya@judo.az, tel: 012-427-79-51)
  1. Lisenziyanın əldə edilməsi üçün tələblər
  • Lisenziya üçün müraciət edən fiziki şəxslər (idmançı, məşqçi və hakim) Azərbaycan Respublikasının vətəndaşlığına və ya Azərbaycan Respublikası ərazisində yaşamaq hüququna sahib olmalı, hüquqi şəxslər (cüdo bölməsi olan idman klublar) isə Azərbaycan Respublikasında müvafiq qaydada dövlət qeydiyyatına alınmış hüquqi şəxs statusuna malik olmalıdır.
  • Lisenziya üçün müraciət edən idmançı ACF tərəfindən hazırlanmış və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən təsdiq edilmiş illik əsasnaməyə uyğun olaraq müəyyən olunmuş yaş həddinə çatmalıdır.
  • Lisenziya üçün müraciət edən məşqçi və hakim sənədlərini təqdim etdikdən sonra ACF tərəfindən təcrübə yoxlanışı məqsədilə keçirilən imtahanda iştirak etməlidirlər. Lisenziya yalnız imtahandan uğurla keçən məşqçi və hakimə təqdim ediləcəkdir.
  • İdmançı, məşqçi və hakim üçün tələb olunan sənədlər:
  • Ərizə;
  • şəxsiyyət vəsiqəsinin surəti, xarici vətəndaş olduqda isə Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün verilmiş müvafiq sənədin surəti;
  • Sağlamlıq haqqında arayış;
  • 4 ədəd fotoşəkil (3.5 x 4.5 sm ölçüdə ağ fonda);
  • Anket

Qeyd: 18 yaşına çatmamış idmançının bütün razılıq formaları Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq qanuni təmsilçisi tərəfindən və üzv olduğu klubun rəhbəri tərəfindən də imzalanmalıdır.

  • Klub üçün tələb olunan sənədlər:
  • Ərizə;
  • Klub rəhbərinin şəxsiyyət vəsiqəsinin və rəhbər təyin olması haqqında əmrin surəti;
  • Klubun hüquqi şəxslərin dövlət reystrindən çıxarışının notariat qaydasında təsdiq edilmiş surəti.
  • LIisenziya bütün sənədlər təqdim olunduqdan sonra 10 gün müddətində verilir.
  1. Lisenziyanın qüvvədə olma müddətləri

   Lisenziya müvafiq olaraq aşağıda qeyd edilmiş müddətlərə verilir:

  • İdmançılar üçün - 4 ilədək;
  • Məşqçilər üçün - 3 ilədək;
  • Hakimlər üçün - 3 ilədək;
  • Klublar üçün -   5 ilədək.
  1. Lisenziyanın məzmunu

Lisenziya 5.4 x 8.6 sm ölçüsündə plastik kartdır və aşağıdakı məlumatları özündə əks etdirir.

  • ACF-nın loqotipi;
  • Lisenziya nömrəsi;
  • Fiziki (idmançı, məşqçi və hakim) və ya hüquqi şəxsin (klub) adı;
  • Şəxsin şəkili;
  • Təvəllüdü;
  • Cinsi;
  • İdmançı və məşqçi üçün təmsil etdiyi klubun adı.
  1. Lisenziyanın yenilənməsi
  • Lisenziya müddətini növbəti dövr üçün uzatmaq istəyən şəxs müddətin

bitməsinə ən azı  1 ay qalmış ərizə və digər sənədləri ACF-na təqdim etdikdə müddət avtomatik növbəti dövr üçün uzadılır.

  • Lisenziyanın müddəti bitdikdən sonra müraciət edildikdə müddət lisenziyanın qeydiyyata alındığı gündən hesablanır.
  • Lisenziya kartı itirildiyi təqdirdə, ACF-yə dərhal izahat formasında məlumat verilməli və yenidən lisenziya əldə etmək üçün ümumi qaydada müraciət edilməlidir.
  1. Lisenziyanın ləğv edildiyi hallar

     Aşağıdakı hallarda lisenziya ACF tərəfindən ləğv edilə bilər:

  • ACF-nın Nizamnaməsinə, Konfransının və İcraiyyə Komitəsinin qərarlarına və qaydalarına qarşı hörmətsizlik və etinasızlıq göstərdkdə;
  • Yarış qaydalarına əməl etmədikdə;
  • Yarışlar zamanı nizam-intizam qaydalarını pozduqda;
  • ACF-nın və ümumilikdə cüdo idman növünün adına xələl gətirəcək əməllər törətdikdə;
  • Lisenziya aldığı sahə üzrə fəaliyyət göstərmədikdə və ya xarici ölkədə fəaliyyət göstərdikdə.
  1. Yekun müddəalar
  • Etibarlı lisenziya sahiblərinin siyahısı ACF-nın lisenziyalara baxış sistemi vasitəsilə ACF-nın vebsaytında dərc edilir. Bu siyahı avtomatik olaraq yenilənir və həmin vaxt etibarlı olan bütün lisenziyalar əks olunur. Müddəti bitmiş lisenziyalar sistemli şəkildə yuxarıda qeyd olunan siyahıdan çıxarılır.
  • Məşqçi və cüdoçunun ACF-nın lisenziyası yoxdursa, lakin ərizə forması müvafiq yarışın son qeydiyyatdan keçmə tarixinədək ACF-yə təqdim olunubsa, Təşkilat komitəsi məşqçi və cüdoçuya yarışda iştirak etməyə icazə verə bilər.
  • İdmançı lisenziyasının qüvvədə olduğu müddətdə üzv olduğu klubu və ya şəxsi məşqçisini dəyişərsə bu haqda dərhal ACF-yə yazılı məlumat verməlidir.
  • Lisenziya üçün müraciət edən şəxslər bütün məlumat və sənədlərə görə tam məsuliyyət daşıyır.
  • Bu qaydalar təsdiq edildiyi tarixdən qüvvəyə minir.      

   

    Lisenziya ilə bağlı suallar üçün müraciət edə bilərsiniz:

    e-mail: lisenziya@judo.az, tel: 050 206 99 99 , 050 393 01 01



Yüklə
[322,13 Kb]