Gün
Saat
Dəqiqə
Saniyə
Uğurlar

1972-ci il ildə Sovet Sosialist Respublikalar İttifaqı (SSRİ) Nazirlər Soveti yanında Bədən Tərbiyəsi və İdman Komitəsi cüdonun SSRİ ərazisində yayılması haqqında qərar verib. Qərarın icrası kimi elə həmin il Azərbaycan Respublikasında Cüdo Federasiyası yaradılmışdır. 22 noyabr 1972-ci ildə respublikada ilk dəfə olaraq cüdo üzrə yarışlar keçirib. İlk klublar “Dinamo”, “Burevestnik”, “Lokomotiv”, “Vodnik” cəmiyyətlərində və Sumqayıt, Gəncə şəhərlərində fəaliyyət göstərməyə başlayıb. 1972-ci ilin dekabrında Azərbaycan cüdo məktəbinin ilk məşqçiləri olan İsmayıl Əhmədov, Sabir Hüseynov, Ağarza Əhmədov və Viktor Kuznetsov Tallində təşkil olunmuş Məşqçilərin ilk Ümumittifaq Seminarında iştirak edib. Daha sonra ümumittifaq hakimlər seminarlarında Əhməddin Rəcəbli və Viktor Kuznetsov da iştirak etmişlər. İsmayıl Əhmədov, Sabir Hüseynov, Əhməddin Rəcəbli, Ağarza Əhmədov, Rauf Şəfiyev, Viktor Kuznetsov, Ənvər İskəndərov, Tərlan Həsənov, Cərulla Şinqarov, Səməd Şəhniyarov və b. mütəxəssislər Azərbaycanın ilk cüdo məşqçiləri sayılırlar. İlk idman ustası Sahib İsmayılov, ilk beynəlxalq dərəcəli idman ustası Qüdrət Pəncəliyev, ilk əməkdar idman ustası adına isə Nazim Hüseynov layiq görülüb. Respublikanın ilk əməkdar məşqçisi Əhməddin Rəcəbli, keçmiş SSRİ-nin ilk əməkdar məşqçisi adını isə Ağayar Axundzadə alıb. Qızlar arasında ilk idman ustası Arzu Atayeva, ilk beynəlxalq dərəcəli idman ustası isə Gülşən Şirinovadır. İlk ümumittifaq dərəcəli hakim adını Rauf Şəfiyev almış, ilk beynəlxalq dərəcəli hakimlər isə Zair Məmmədov və Valeh Məhərrəmov olub. Keçmiş SSRİ birinciliklərinin ilk qalib və mükafatçıları Ələkbər İsmayılov (1975 – qızıl), Sahib İsmayılov (1972 – bürünc), Ənvər Əhmədov (1982 – gümüş) olub. Fərhad Rəcəbli Azərbaycan cüdoçuları arasında ilk dəfə olaraq Avropa miqyaslı yarışlarda medal qazanmışdır. O, 1978-ci ildə Macarıstanda keçirilmiş gənclər arasında Avropa birinciliyində III yerə layiq görülmüşdür. Azərbaycan cüdosunun ən böyük nailiyyətlərindən biri Nazim Hüseynovun adı ilə bağlıdır. O, 1992-ci ildə Barselona Yay Olimpiya Oyunlarının qızıl medalını qazanıb. 2008-ci il Pekin Olimpiadasında gənc cüdoçumuz Elnur Məmmədli Nazim Hüseynovun uğurunu təkrarlayaraq, bütün görüşlərdə ipponla qalib gələrək qızıl medala sahib olmuşdur. 

Müstəqil Azərbaycanın cüdo üzrə dünya və Avropa çempionları da var. Cüdoçumuz Elxan Məmmədov dünya çempionu, Nazim Hüseynov, Elnur Məmmədli, Elçin İsmayılov və Rüstəm Orucov müxtəlif illərdə Avropa çempionu adını qazanıblar. 

Azərbaycan cüdosunun uğurları bununla bitmir.