Gün
Saat
Dəqiqə
Saniyə
Mingəçevir, Zaqatala və Qəbələdə cüdo bayramı - VİDEO

12-05-2017

Azərbaycan Cüdo Federasiyasının qarşısında duran prioritet məsələlərdən biri də regionlarda bu idman növünün kütləviliyi və inkişaf etdirilməsidir. Federasiyanın dəstəyi ilə bir neçə bölgədə cüdo zalları yaradılıb, standartlara tam cavab verən tatamilər düzülüb, yeniyetmələrə kimanolar verilib, yerli mütəxəssislər və məşqçilər işlə təmin olunublar. Azərbaycan Cüdo Federasiyasının rəsmiləri bu dəfə Mərkəzi-Aran və Şimal-Qərb bölgələrinə səfər ediblər.

Əvvəlcə Azərbaycan Cüdo Federasiyasının Mingəçevir Təlim-Məşq Mərkəzinin açılışı olub. Açılış mərasimində federasiya rəsmiləri, şəhər icra hakimiyyətinin məsul işçiləri, olimpiya çempionu Nazim Hüseynov, tanınmış cüdo mütəxəssisləri iştirak ediblər. Nitq söyləyənlər ölkəmizdə dövlət səviyyəsində idmana göstərilən qayğını xüsusi vurğulayaraq, cüdoçularımızın son vaxtlar beynəlxalq yarışlardakı parlaq qələbələrindən söhbət açıblar. Mingəçevir şəhərinin tanınmış idman mütəxəssisləri, məşqçilər göstərilən diqqət və dəstəyə görə Azərbaycan Cüdo Federasiyasının rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Sonra cüdo zalı yeniyetmələrin istifadəsinə verilib. Bu zalda Mingəçevir şəhəri və ətraf rayonlardan olan kiçik yaşlı yeniyetmələr cüdo idman növünün sirlərinə yiyələnəcəklər.

Sonra Federasiya rəsmiləri Zaqatalada olublar. Burada yeni fəaliyyətə başlayan Təlim-Məşq Mərkəzinin açılışında çıxış edənlər Azərbaycan prezidenti İlham Əliyevin Olimpiya Hərəkatının inkişafındakı xidmətlərinin dəfələrlə beynəlxalq Olimpiya Komitəsi və ümumdünya idman təşkilatlarının rəhbərliyi tərəfindən yüksək qiymətləndirldiyini xüsusi vurğulayıblar. Dövlət başçısının göstərdiyi diqqət və qayğı nəticəsində idmançılarımızın beynəlxalq yarışlarda, Avropa, dünya çempionatlarında, Olimpiya Oyunlarında parlaq qələbələr qazandıqları qeyd edilib. Əldə olunan bu uğurlarda cüdoçularımızın da xüsusi payı olduğu söylənilib. Zaqatala şəhərinin tanınmış idman mütəxəssisləri, məşqçilər bölgələrdə açılan yeni təlim-məşq mərkəzlərinin Azərbaycan cüdosuna böyük töhvə verəcəklərinə əmin olduqlarını bildiriblər.

Yeniyetmələrə cüdoqilər təqdim olunub, onlara gələcək yarışlarda uğurlar arzulanıb.

Qeyd edək ki, Zaqatalanın mərkəzində yerləşən cüdo mərkəzində ətraf rayonlardan olan kiçik yaşlı yeniyetmələr də cüdo idman növünün sirlərinə yiyələnəcəklər.

Azərbaycan Cüdo Federasiyasının rəsmilərinin növbəti səfəri Qəbələ rayonuna olub. Burada Qəbələ İdman Klubunun cüdoçuları ilə görüş keçirilib. Çıxış edənlər son vaxtlar Azərbaycan Cüdo Federasiyasının səmərəli fəaliyyətini xüsusi vurğulayaraq, cüdoçularımızın dünya arenalarındakı zəfərlərindən danışıblar.

Qəbələ və Şimal-Qərb bölgəsinin tanınmış idman mütəxəssisləri, məşqçilər göstərilən qayğıya görə Azərbaycan Cüdo Federasiyasının rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Qəbələ ilə yanaşı İsmayıllı, Qax, Oğuz və diğər rayonların yeniyetmə cüdoçularına da idman geyimləri hədiyyə olunub.

Qeyd edək ki, yaxın gələcəkdə ölkəmizin digər bölgələrində də Azərbaycan Cüdo Federasiyasının Təlim-Məşq Mərkəzləri istifadəyə veriləcək.