Gün
Saat
Dəqiqə
Saniyə
Cüdo üzrə milli komandamız İslam Oyunlarının ən güclüsüdü - VİDEO

20-05-2017

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının cüdo yarışları Azərbaycan idmançılarının möhtəşəm zəfərləri ilə yadda qalıb. 3 gün davam edən cüdo yarışının ən yaxşısı adını Azərbaycan millisi qazanıb. 5 çəki dərəcəsində mübarizə aparan kişi cüdoçularımız 5 qızıl, 2 gümüş medala sahib olub. Qadınların yarışında isə Azərbaycan təmsilçiləri 1 qızıl, 5 gümüş medala layiq görülüb. Hesabına 6 qızıl və 7 gümüş mükafat yazan komandamız bu göstəricidə hamını qabaqlayıb. İslamiadanın ən yaxşısı adına yiyələnən cüdo millimiz fərdi yarışlarda 13 medal qazanaraq, həm ümumi medal sayında, həm də mükafatlarının əyarına görə rəqibləri üçün əlçatmaz olub. Cüdoçularımızın ən yaxın izləyici olan Türkiyə Oyunları 2-ci pillədə bitirib. Yığmamızdan 3 medal geri qalan qardaş ölkənin təmsilçiləri 10 dəfə fəxri kürsüyə qalxıblar. Bunlardan 3-ü qızıl, 4-ü gümüş, 3-ü isə bürünc medal olub. Medal siyahısında Əlcəzair 3-cüdü. Bu komanda Bakıdan 1 çempionluq, 2 gümüş və 5 bürünclə ayrılıb. Cüdo yarışlarında himni çalınan digər 3 ölkə isə İran, Tunis və Qırğızıstandı. Bakı-2017-də Qazaxıstan, Fil Dişi Sahili, Türkmənistan, Livan, Birləşmiş Ərəb Əmirlikləri və Mərakeş cüdoçuları medal qazanmağı bacarıblar.

Azərbaycanın həm kişilər, həm də qadınlardan ibarət milliləri komanda yarışlarında da uğurla çıxış ediblər. Kişi cüdoçularımız bütün rəqiblərinə qalib gələrək İslam Oyunlarının qızıl medallarını qazanıblar. Qadın cüdoçularımız isə yalnız finalda Türkiyə millisinə uduzaraq gümüş medala sahib olublar.

Qeyd edək ki, cüdo yığmamızın heyətində Orxan Səfərov (60 kq), Nicat Şıxalizadə (66 kq), Hidayət Heydərov (73 kq), Məmmədəli Mehdiyev (90 kq), Elxan Məmmədov (100 kq), Erdenebat Bazarraqçaa (48 kq) birinci, Rüstəm Orucov (73 kq), Elmar Qasımov (100 kq), Aişə Qurbanlı (48 kq), Nəzakət Əzizova (52 kq), Kifayət Qasımova (57 kq), Xanım Hüseynova (63 kq), İrina Kindzerska (+78 kq) ikinci yeri tutub. "CÜDO TV" Azərbaycan cüdoçularının İslamiada da parlaq qələbələrinə həsr olunan videomaterialı sizə təqdim edir.