Gün
Saat
Dəqiqə
Saniyə
Avropa Oyunlarında cüdoçularımız bir gümüş və bir bürünc medal qazanıblar

23-06-2019

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında cüdo yarışları davam edir. Yarışların ikinci günü Azərbaycan təmsilçilərindən Rüstəm Orucov və Hidayət Heydərov (hər ikisi 73 kq) üçün uğurlu olub.
Oyunlarda Azərbaycan yığmasının bayraqdarı olan Orucov yarışa 1/16 final mərhələsindən başlayıb. İlk görüşündə monakolu Sedrik Bessini məğlub edən cüdoçumuz rəqibini 57 saniyəyə ippona salıb. Onun növbəti rəqibi 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında qızıl medal qazanmış italiyalı Fabio Bazile olub. Titullu rəqibinə də qalib gələn cüdoçumuz 1/4 finala yüksəlib. Rüstəm bu mərhələdə erməni idmançı Ferdinand Karapetyanla qarşılaşıb. Rəqibinə qalib gələn idmançımız adını yarımfinala yazdırıb. Onun final yolunda son rəqibi yunanıstanlı Georgios Azoidis olub. Orucov bu rəqibini də ipponla yenib və finala çıxıb. Finalda təmsilçimizin rəqibi isveçli Tommi Makias olub. Dramatik keçən görüşdə rəqibinə uduzan Rüstəm gümüş medal qazanıb.
Eyni çəkidə yarışan Hidayət Heydərov isə 1/16 finalda macarıstanlı Mikloş Unqvarini vaza-ari xalı, 1/8 finalda isə israilli Din Yaakov Gemeri ipponla məğlub edərək, növbəti mərhələyə yüksəlib. Onun 1/4 finaldakı rəqibi isə yunanıstanlı Georgios Azoidis olub. Rəqibinə ipponla uduzan Heydərov bürünc medal uğrunda təsəlliverici görüşdə ermənistanlı Ferdinand Karapetyanla qarşılaşıb. Rəqibini ipponla məğlub edən Hidayət "bürünc" medal uğurunda yarışmağa haqq qazanıb. Heydərovun sonuncu rəqibi gürcü cüdoçu Laşa Şavdatuaşvili olub. Hidayət bir dəqiqə tamam olmamış ipponla qələbə qazanıb və 3-cü yeri tutub.