Gün
Saat
Dəqiqə
Saniyə
Heydər Əliyev və Azərbaycan cüdosu

12-12-2020

Ümummilli lider Heydər Əliyev hələ sovetlər dövründə Azərbaycan SSR-ə rəhbərlik etdiyi dönəmdə (1969-1982-ci illər) respublikada iqtisadi-sosial sahənin inkişafına böyük önəm verilmiş və göstərilən səylər nəticəsində qarşıya qoyulan məqsədə nail olunub. Heydər Əliyev istər bu illərdə, istərsə də SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi fəaliyyət göstərdiyi vaxtlarda daim Azərbaycan idmanının inkişafı yolunda böyük işlər görmüş, bu istiqamətdə var gücü ilə çalışıb.

Heydər Əliyev hələ o dövrlərdə cüdo ilə məşğul olan Azərbaycan idmançılarına da böyük diqqət və qayğı göstərib. O, bu və ya digər formada idmançılara dəstək verərək onların SSRİ ərazisində keçirilən müxtəlif yarışlarda iştirak etməsinə, eləcə də daha yaxşı hazırlığı olan atletlərin SSRİ-nin yığma komandalarının heyətində yer alaraq Avropa və dünya çempionatlarında, beynəlxalq yarışlarda iştirak etmələrinə yardım göstərib.

Müstəqillik dönəmində yenidən Azərbaycan Prezidenti seçildikdən sonra isə ölkə idmanının inkişafı istiqamətində daha ciddi addımlar atıb, paytaxt və respublikanın müxtəlif bölgələrində yeni idman komplekslərinin tikintisi böyük vüsət alıb. 1996-cı il Atlanta, 2000-ci il Sidney olimpiadaları ərəfəsində həmin mötəbər yarışlarda iştirak edən idmançılarla şəxsən görüşmüş və onlara yüksək qələbə ruhu aşılayıb. Əvəzində idmançılarımız da bu olimpiadalarda böyük uğurla çıxış edərək, Vətənə medallarla dönüblər.

1996-cı ildə "Neftçi İdman Klubu"nun 60 illik yubileyi münasibətilə Suraxanı qəsəbəsindəki Tofiq İsmayılov adına Olimpiya Təlim-İdman Kompleksinə təşrif buyurmuş ümummilli lider orada klubun məşqçi-müəllimləri, idmançıları ilə görüşmüş və onlara hər cür qayğı göstərib. O, ömrünün sonuna kimi idmana və idmançılara göstərdiyi çox yaxın və doğma münasibəti ilə diqqəti cəlb etmiş və idman ictimaiyyətinin böyük hörmətini qazanıb.

Hal-hazırda isə ümummilli lider Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev onun bu missiyasını şərəflə davam etdirir. Elə bunun nəticəsidir ki, artıq ölkəmiz Avropa və dünya dövlətləri arasında həm də idman ölkəsi kimi tanınır. Azərbaycan cüdoçuları da onlara göstərilən etimadı yüksək səviyyədə doğruldaraq Avropa və dünya çempionatlarında, Olimpiya Oyunlarında parlaq qələbələr qazanıblar. Artıq neçə ildir paytaxt Bakıda Ümummilli lider Heydər Əliyev adına cüdo üzrə beynəlxalq "Böyük Dəbilqə" turniri keçirilir. Hər il ənənəvi təşkil olunan bu yarışda dünyanın 100-ə yaxın ölkəsindən olan cüdoçular medallar uğrunda mübarizə aparırlar. Bu yarışı yüksək səviyyədə keçirən Azərbaycan Cüdo Federasiyası hər il Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq turnirlər, respublika miqyaslı yarışlar da təşkil edir.