Gün
Saat
Dəqiqə
Saniyə
Azərbaycan cüdosu 2020-ci ildə

31-12-2020

Yola saldığımız 2020-ci il cüdo tədbirləri ilə zəngin olmağı vəd etsə də, COVID-19 pandemiyası səbəbindən bir çox yarışlar ləğv edilib və ya təxirə salınıb. Hətta dünyanın ən mötəbər idman yarışı olan Olimpiya Oyunları belə növbəti ilə keçirilib.
Pandemiya Azərbaycan Cüdo Federasiyasının (ACF) fəaliyyətindən də təsirsiz ötüşməyib. Belə ki, federasiyasının təşkil edəcəyi bir beynəlxalq yarış ləğv edilib, bir neçə Qran-Pri, "Böyük Dəbilqə" yarışı təxirə salınıb və ümumiyyətlə keçirilməyib.
2020-ci ildə cüdoçularımız üçün ən uğurlu hadisə Çex Respublikasında təşkil edilmiş cüdo üzrə Avropa çempionatında iştirak olub. Cüdoçularımız bu yarışda 5 medal qazanaraq uğurlu nəticəyə imza atıblar. 66 kq çəki dərəcəsində yarışan cüdoçumuz Orxan Səfərov bütün rəqiblərinə qalib gələrək ilk dəfə olaraq Avropa çempionu adını qazanıb. Qadınların yarışında ölkəmizi təmsil edən İrina Kindzerska yalnız finalda uduzaraq qitə çempionatının gümüş medalına layiq görülüb. Məmmədəli Mehdiyev (-90 kq), Zelim Kotsoyev (-100 kq) və Rüstəm Orucov (-73 kq) Avropa çempionatında bürünc medala sahib olub. Rüstəm Orucov bu yarışdan iki həftə öncə Budapeştdə təşkil edilən nüfuzlu "Böyük Dəbilqə" beynəlxalq turnirdə bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. Cüdoçumuz hazırda öz çəkisində də dünya reytinq cədvəlinə başçılıq edir. Ümumilikdə isə Azərbaycan cüdoçuları 2020-ci ildə 9 beynəlxalq yarışda iştirak edərək, 37 medal (5 qızıl, 13 gümüş, 19 bürünc) qazanlblar.
Mart ayından etibarən bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da karantin rejimi elan edilib.
Karantin dövründə bir sıra kütləvi tədbirlərlə yanaşı, idman yarışlarının da keçirilməsi, o cümlədən, idman zallarında məşqlər qadağan edilib. Buna baxmayaraq, karantin dövründə sağlamlığı qorumaq, immuniteti gücləndirmək və səhhəti gümrah saxlamaq üçün əhaliyə gündəlik idmanla məşğul olmaq, fiziki aktiv olmaq tövsiyə olunub.
Azərbaycan Cüdo Federasiyası da bunu nəzərə alaraq bir sıra layihələr həyata keçirib. İnsanların öz evində rahatlığı üçün peşəkar cüdoçular və məşqçilər tərəfindən vaxtaşırı maarifləndirci video-çarxlar da çəkərək, ölkə televiziyalarında yayımlayıb, sosial şəbəkə hesablarında paylaşıb.
Karantində idman zalları bağlı olsa da, cüdoçularımız məşqlərini evdə və açıq havada davam etdirib. Cüdoçularımızla çalışan məşqçilər və mütəxəssislər isə daim onların məşqlərini nəzarətdə saxlayaraq, məşq zamanı fiziki formalarını qorumaları üçün müntəzəm olaraq məsləhətlər veriblər.
Karantin günlərinin davam etdiyi bir dövrdə cüdo hakimləri üçün onlayn seminarlar da təşkil edilib.
ACF hər zaman olduğu kimi bu il də məşqçi və hakimlərin ixtisaslarının artırılmasını diqqətdə saxlayıb. Belə ki, ilin əvvəllərində yerli hakim və məşqçilər üçün seminarlar təşkil edilib. Bundan başqa, Azərbaycanın beynəlxalq hakimləri ilin əvvəlində beynəlxalq yarışlara ezam olunub və onlar Avropa dərəcələrini artırıblar.
Regionlarda da cüdo mərkəzlərinin, bölmələrinin fəaliyyəti diqqətdə saxlanılıb. Son vaxtlar respublika miqyaslı yarışlarda region cüdoçularının qazandıqları nəticələr bu sahədə işlərin düzgün qurulmasından xəbər verir. Vətən Müharibəsində Azərbaycan cüdo ictimaiyyətinin nümayəndələri, cüdoçular, məşqçilər və cüdo hakimləri də iştirak ediblər.
44 günlük Vətən Müharibəsində iştirak edən yüzdən çox cüdoçumuzdan 18-i şəhidlik zirvəsinə yüksəlib. Könüllü olaraq ordu sıralarına qoşulan və hərbçi kimi vuruşan cüdoçu igidlərimiz torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olublar. Şəhid cüdoçumuz Cəbrayıl Dövlətzadə İdman Araşdırmaları Mərkəzinin keçirdiyi "İlin qalibləri - 2020" layihəsində "İlin döyüşkən idmançısı" nominasiyasında 1-ci olub. "İLİN DÖYÜŞKƏN İDMAN QURUMU" nominasiyasının qalibi isə orduya maddi və mənəvi dəstəyə görə Azərbaycan Cüdo Federasiyası olub. Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının ilin yekunları ilə bağlı keçirdiyi sorğunun yekunlarına əsasən cüdoçularımız Orxan Səfərov kişilər arasında, İrina Kindzerska isə qadınlar arasında "İlin idmançısı" adına layiq görülüb. Yanvar ayından başlayaraq 2021-ci ildə də Azərbaycan cüdoçuları bir çox beynəlxalq yarışlar, Avropa və dünya çempionatları, Olimpiya Oyunlarında mübarizə aparacaqlar. İnanırıq ki, idmançılarımız bu yarışlarda da parlaq qələbələr qazanaraq, Azərbaycanın üçrəngli bayrağını yüksəklərə qaldıracaqlar.