- Ana səhifə
- Cüdo haqqında
- Cüdo Dəyərləri
DOSTLUQ
DOSTLUQ
Dostluğun müxtəlif ölçüləri var. Doğru, səmimi, romantik, ömürlük, nəzakətli, yaxud təhlükəli…Bəs əsl dostluq nədir: hiss, vəd, yaxud razılaşma? Dostluq əlbəttə ki, münasibətdir. Tərifə gəlincə, bəziləri onu eyni ailədən olmayan iki və daha çox insanın arasındakı qarşılıqlı cazibə adlandırırlar. Dostluq oxşarlıq və ya tamamlayıcılıqla əlaqələndirilir. Bu, ümumi məqsədlər, oxşar zövqlər də deməkdir. Bu, hər kəsi zənginləşdirən güclü mübadilə, enerjidir. Dostluq səni stressdən kənar tutur. Dostlara sahib olmaq tənhalığın qarşısını almaqdır, xatirələri bölüşmək və ümumi layihələr qurmaqdır və nəhayət, bir-birinizə arxalana bilməkdir.Dostluq həm yaxşı, həm də pis gündə dəstək olmaq və dinləmək, gülmək və ümumi fəaliyyətlər deməkdir. Cüdo fəlsəfəsinə görə, dostluq beş sütun üzərində dayanır: öhdəlik, inam, dürüstlük, birlik və etibar!
Dojoda hökm sürən atmosfer dostluğun inkişafı üçün münbit şərait yaradır. Dəstək, dinləmə, öhdəlik, etibar, dürüstlük və güvən kimi sözlər cüdo dəyərləri ilə sıx bağlıdır. Buna görə də, mənşəyimizdən və sosial statusumuzdan asılı olmayaraq, bizi birləşdirən cüdo ailəmizdir. Hər kəsin dost olduğu möhkəm ailə! İstər portuqal, istər misirli, istər monqol, istərsə də perulu olun, fərq etməz! İrəli getmək istəsəniz, hər zaman açıq dojo qapısı və orada qarşılığında heç nə gözləmədən sizə dəstək olacaq dostlar tapacaqsınız. Cüdonun sehrli paradoksu ondan ibarətdir ki, o, həm fərdi, həm də millətlər səviyyəsində anlaşmanı gücləndirən əlaqələr yaradır.
Sosial medianın gündəlik həyatımıza daxil olması insanların qarşılıqlı münasibətini dəyişib. İnternet həyatımıza bir çox faydalar gətirib, amma eyni zamanda insan əlaqələrini də dematerializasiya edib. Bizim hamımızın onlarla, hətta yüzlərlə “Facebook dostlarımız” var ki, onlarla hər şüyi, hətta gizlinlərimizi belə paylaşırıq. “Dost” sözü əvvəlki qüdsallığını itirib, hətta bayağı, dadsız, istehza obyektinə çevrilib. Amma tatami! Bu, elə məkandır ki, biz tərəfdaşımıza (yaxud yarışda rəqibimizə) xeyirxahlığı, mehribanlığı və nəzakəti, anlayış və qarşılıqlı hörməti göstəririk. Düşmənçilik, antipatiya, nifrəti qətiyyətlə rədd edirik. Biz cüdoda yeni, möhkəm, sınanılmış dostlar qazanırıq. Biz qarşımızdakını olmasını istədiyimiz kimi deyil, olduğu kimi qəbul edirik.