-81kq.: Tçkayevin timsalında Azərbaycan yeni qəhrəmanını tapdı
Heydər Əliyev Bakı Böyük Dəbilqə turnirində -81 kq. çəkidə mübarizə aparan cüdoçumuz Zelim Tçkayev qızıl medal qazandı.
Beynəlxalq Cüdo Federasiyası Tçkayevi Azərbaycan milli yığmasının yeni qəhrəmanı kimi qələmə verdi: “Püşkatmanın ikinci hissəsində azarkeş kütləsini çoşduran Zelim Tçkayev oldu. Azərbaycanlı cüdoçu həqiqətən də ev sahibi ölkənin yeni qızıl medal arzusunu gərçəkləşdirdi.
Zelim Tçkayev finalda tam üstünlük əldə etdiyi üçün bu arzu gerçəkləşdi. Heç kim deyə bilməz ki, Şamil Borçaşvili səy göstərmədi. Olimpiya oyunlarının və Dünya çempionatının bürünc mükafatçısı rəqibini üzərindən atmağa çalışsa da, cəhdləri boşa çıxdı. Sona bir dəqiqədən az vaxt qalmış avstriyalı cüdoçu “o-soto-qari” fəndini işə saldı, Tçkayev isə fəndin qarşısını alaraq “o-soto-qaeşi” fəndi ilə “vazari” xalı qazandı. Qızıl medal ona və ev sahibi ölkəyə qismət oldu, bu, Azərbaycanın ikinci qızıl medalı idi, Tçkayev isə yeni qəhrəman idi.”.