ACF 6 yaşından yuxarı uşaqları və gəncləri Sumqayıtda açıq havada keçiriləcək ustad dərsinə dəvət edir
10 sentyabr tarixində Sumqayıt şəhərində “Göyərçin” parkında Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə cüdo üzrə ustad dərsi keçiriləcəkdir.
Ustad dərsi ACF-in vitse-prezidenti, Olimpiya çempionu Elnur Məmmədli, ACF Prezidentinin müşaviri, Dünya mükafatçısı Natiq Bağırov və gənclərdən ibarət yığmanın məşqçisi, Dünya mükafatçısı Elxan Rəcəbli tərəfindən keçiriləcəkdir. Tədbirdə yeniyetmələr arasında Dünya çempionatının gümüş mükafatçısı və Avropa çempionatının qızıl medalçısı Şahin Oruczadə (-55 kq.), həmçinin Avropa çempionatının bürünc medalçısı Nicat Nağıyev (-66 kq.) da iştirak edəcəklər. Bundan əlavə yeniyetmə qızlardan ibarət milli yığmanın üzvləri Aydan Verdiyeva, Aynur Əfəndiyeva də ustad dərslərinə qatılacaqlar.
Tədbir saat 18:00-da başlayacaqdır. 6 yaşdan yuxarı hər kəs idman geyimində tədbirdə ödənişsiz iştirak edə bilər.
Bu cür layihələrin həyata keçirilməsində ACF-in əsas məqsədi gənc nəslin fiziki və mənəvi sağlamlığına töhfə vermək, idmanla məşğul olan uşaqların, gənclərin sayını artırmaq və cüdo idman növünü təbliğ etməkdir.