Ağdamda məşqçilər üçün seminar keçirildi
19 oktyabrda Ağdam Olimpiya İdman Kompleksində Qarabağ-Zəngəzur bölgəsindən olan məşqçilər üçün seminar təşkil olunub.
Seminar Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü beynəlxalq dərəcəli “B” kateqoriyalı hakim Məhəmmədəli Quluzadə tərəfindən keçirilib. Seminarda cüdoçuların cərimə olunacağı hallara diqqət yetirilərək bununla bağlı ətraflı məlumat verilib.
Seminar zamanı iştirakçıları maraqlandıran suallar hakimlər tərəfindən cavablandırılıb. Bir sıra fəndlər əyani şəkildə nümayiş etdirilib.
Azərbaycan Cüdo Federasiyası bundan sonra da region idmançılarının rəqabət qabiliyyətlərinin artırılması və regionlarda cüdonun daha da kütləviləşdirilməsi üçün müvafiq tədbirlərini davam etdirəcək.