Azərbaycan Cüdo Federasiyası 2022-ci ilin idman federasiyası seçilib
Dekabrın 26-da Gənclər və İdman Nazirliyi 2022-ci ilin idman yekunlarına həsr olunmuş qala mərasimi keçirib. Qala mərasimində idman təşkilatlarının, federasiyaların, media qurumlarının rəhbərləri, idmançılar, məşqçilər və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir zamanı üç mərhələli sorğu əsasında müəyyənləşmiş müxtəlif nominasiyalar üzrə ilin qaliblərinin mükafatlandırılma mərasimi olub.
Gənclər və İdman Nazirliyi tərəfindən keçirilən 2022-ci ilin “Ən Yaxşıları” sorğusunun yekun nəticələrinə əsasən Azərbaycan Cüdo Federasiyası ilin idman federasiyası seçilib.
Həmçinin, 2022-ci ilin ən yaxşı kişi idmançısı nominasiyasında üçüncü yerdə cüdoçumuz Hidayət Heydərov və ilin hakimi nominasiyasında isə ikinci yerdə Nazim Umbayev qərarlaşıb. Azərbaycan idmançılarının reytinq cədvəlində 2022-ci ili ilk onluqda başa vuran cüdoçularımız Balabəy Ağayev (6-cı yer), Hidayət Heydərov (7-ci yer) və Məmmədəli Mehdiyev (8-ci yer) mükafatlandırılıblar.
Azərbaycan Cüdo Federasiyası adından federasiyanın və cüdo ailəsinin üzvlərinin fəaliyyətini yüksək dəyərləndirən hər kəsə öz təşəkkürümüzü bildiririk!