ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Azərbaycan Cüdo Federasiyası - 50 il!

Azərbaycan Cüdo Federasiyası - 50 il!

Bugün Azərbaycan Cüdo Federasiyasının yaranmasının 50 ili tamam olur. Belə ki, 22 noyabr 1972-ci ildə Bədən Tərbiyəsi və İdman Komitəsinin qərarı ilə Azərbaycan Cüdo Federasiyası fəaliyyətinə başlayıb.

Azərbaycanda cüdo idman növünün rəsmi olaraq fəaliyyətə başlaması tarixi isə 1972-ci ilin fevral ayı hesab edilir.  Belə ki, cüdo idman növünün ayrıca idman növü kimi fəaliyyətə başlamasına 1972-ci ilin fevral ayından icazə verilib. O vaxta qədər cüdo bölmələri sambo idman növünün tərkibində fəaliyyət göstərib.

Ölkəmiz müstəqillik əldə etdikdən sonra federasiya Azərbaycan Cüdo Federasiyası olaraq, ictimai birlik kimi fəaliyyətini davam etdirib.

Ölkəmizdə cüdo üzrə ilk yarış 2 noyabr 1972-ci ildə baş tutub. “Burevestnik” idman cəmiyyətinin gənclər arasında keçirilən açıq şəxsi birinciliyində 70 idmançı mübarizə aparıb.

1972-ci ilin 21-22 dekabrında Respublika stadionunun idman sarayında Azərbaycan məşqçiləri və idmançılarının ilk seminarı keçirilib. İlk cüdo bölmələri Bakı, Sumqayıt, Gəncə, Şirvan şəhərlərində fəaliyyətə başlayıb. Cüdo idman növünün ayrıca idman növü kimi inkişaf etdirildiyi ilk klublar “Dinamo”, “Burevestnik”, “Lokomotiv” və “Vodnik” cəmiyyətləri olub.

Azərbaycanın ilk cüdo məşqçiləri sırasında Ağarza Əhmədov, Tərlan Həsənov, Əhməddin Rəcəbli, İsmayıl Əhmədov, Sabir Hüseynov, Rauf Şəfiyev, Viktor Kuznetsov, Ənvər İsgəndərov, Cərulla Şinqarov, Səməd Şəhniyarov və digərlərinin adlarını çəkmək olar.

Cüdo idman növü üzrə ilk idman ustası adını Sahib İsmayılov, ilk beynəlxalq dərəcəli idman ustası adını Qüdrət Pəncəliyev əldə ediblər. Qadınlar arasında ilk idman ustası Arzu Atayeva, ilk beynəlxalq dərəcəli idman ustası Gülşən Şirinovadır. İlk əməkdar idman ustası adını Nazim Hüseynov qazanıb. 

Respublikanın ilk əməkdar məşqçisi adını Əhməddin Rəcəbli, keçmiş SSRİ-nin ilk əməkdar məşqçisi adını Ağayar Axundzadə alıblar.

İlk ümumittifaq dərəcəli hakim Rauf Şəfiyev, ilk beynəlxalq dərəcəli hakimlər Zair Məmmədov və Valeh Məhərrəmov olublar.

Azərbaycana beynəlxalq rəsmi yarışlardan ilk medalı 1978-ci ildə Fərhad Rəcəbli qazandırıb. O, Macarıstanda keçirilən gənclər arasında Avropa çempionatında bürünc medal əldə edib.

SSRİ dövründə özünəməxsus məktəbi ilə seçilən Azərbaycan cüdosunun əsas uğurları müstəqillik dövrü ilə bağlıdır. Digər sahələrdə olduğu kimi, cüdo idman növündə də ölkəmiz müstəqillik qazandıqdan sonra inkişaf daha sürətlə baş verdi. Belə ki, birbaşa beynəlxalq yarışlarda iştirak imkanı bütün yaş qrupları üzrə Avropa və dünya çempionatlarında çoxsaylı medalların qazanılmasına imkan yaratdı.

Ölkəmizin şanlı idman tarixində Azərbaycan cüdosunun özünəməxsus yeri vardır. Sözsüz ki, bunların sırasında Nazim Hüseynov və Elnur Məmmədlinin Olimpiya Oyunlarında əldə etdikləri qızıl medallar xüsusi yer tutur. 

Azərbaycan cüdoçuları Olimpiya oyunlarında, Dünya, Avropa çempionatlarında və digər nüfuzlu beynəlxalq yarışlarda mütəmadi olaraq iştirak edir, medallar qazanır və ölkəmizin bayrağını qaldırırlar. Qürur hissi ilə vurğulamaq istərdik ki, Azərbaycanda cüdo ən sevilən və kütləvi idman növləri arasındadır. Bu da əlbəttə ki, Azərbaycan Respublikasının Prezidenti, Zati-aliləri İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində əldə olunub. 

Azərbaycan Cüdo Federasiyası olaraq, son 50 ildə Azərbaycan cüdosunun inkişafında töhfəsi olmuş bütün şəxslərə - məşqçilərimizə, hakimlərimizə, idmançılarımıza, tibbi personalımıza, inzibati işçilərimizə, bütün tərəfdaşlarımıza dərin təşəkkürümüzü bildirir, Azərbaycan cüdo ailəsinin bütün üzvlərini bu əlamətdar gün münasibətilə təbrik edirik!