Azərbaycan Cüdo Federasiyası daha 28 idman təşkilatına lisenziya təqdim edib
Azərbaycan Cüdo Federasiyası (ACF) idman təşkilatlarının lisenziyalaşdırılması prosesinə davam edir. ACF-in lisenziyalaşdırma üzrə orqanının qərarına əsasən 28 idman təşkilatına 5 il müddətinə müvafiq lisenziya verilib. Həmin idman təşkilatları qaydalara əsasən tələb edilən sənədlər paketini tam şəkildə təqdim edib və qaydalarda müəyyən edilən meyarlara uyğun seçilib.
Martın 2-i lisenziyaların təqdim edilməsi mərasimində iştirak edən ACF prezidentinin müşaviri Natiq Bağırov lisenziya əldə edən idman təşkilatlarını təbrik edib və bildirib ki, klubların və cəmiyyətlərin lisenziyalaşdırılmasının əsas məqsədi Azərbaycanın bütün regionlarında cüdonun hərtərəfli inkişafına töhfə verməkdir. Həmçinin o bildirib ki, məşqçilər peşəkar səviyyələrini artırmaq üçün ACF-in keçirdiyi seminarlarda və təlimlərdə fəal iştirak etməlidirlər.
ACF-in idman direktoru Kamran Talıbov ACF-in lisenziyalaşdırma prosesində idman təşkilatlarına göstərdiyi dəstəkdən danışıb və bildirib ki, növbəti mərhələlərdə ACF məşqçilərin və idmançıların lisenziyalaşdırılmasını həyata keçirəcək.
Görüş zamanı bildirilib ki, lisenziya verilmiş idman təşkilatlarının fəaliyyəti vaxtaşırı olaraq monitorinq ediləcək və müəyyən edilmiş çatışmazlıqlar tövsiyə edilən müddət ərzində aradan qaldırılmasa Federasiya verilmiş lisenziyaların geri çağırılması hüququna malikdir. Daha sonra idman təşkilatlarına müvafiq lisenziyalar təqdim olunub.
Qeyd edək ki, ACF-in İcraiyyə Komitəsinin 2022-ci ilin avqust ayında təsdiq etdiyi "İdman təşkilatlarının lisenziyalaşdırılması üzrə qaydalar"a uyğun olaraq ölkədə fəaliyyət göstərən idman klubları, cəmiyyətləri və təşkilatlarının lisenziyalaşdırılması prosesinə start verib. Hazırda lisenziyalaşdırılmış idman təşkilatının sayı 86-dır.