ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Azərbaycan Cüdo Federasiyası ilə İdman TV arasında müqavilə imzalanıb

Azərbaycan Cüdo Federasiyası ilə İdman TV arasında müqavilə imzalanıb
Azərbaycan Cüdo Federasiyası ilə İdman TV arasında müqavilə imzalanıb
Azərbaycan Cüdo Federasiyası ilə İdman TV arasında müqavilə imzalanıb

17 yanvar 2023-cü ildə Azərbaycan Cüdo Federasiyası (ACF) ilə İdman TV arasında əməkdaşlığa dair müqavilə bağlanıb. Müqaviləni ACF-nin baş katibi Rəşad Rəsullu və İdman TV-nin direktoru Rövşən Binnətli imzalayıb. 

Müqaviləyə əsasən, Beynəlxalq Cüdo Federasiyasının “Dünya Cüdo Turu” çərçivəsində 2023 və 2024-cü illərdə keçiriləcək bütün yarışlarının ACF-yə məxsus olan Azərbaycan ərazisindəki televiziya yayım hüququnun İdman TV-yə verilməsi nəzərdə tutulur. Həmçinin Azərbaycan Cüdo Federasiyasının keçirdiyi bütün yaş qrupları üzrə Azərbaycan birincilikləri və çempionatlarının final görüşləri İdman TV-də canlı yayımlanacaq.

Bundan əlavə, cüdonun kütləviləşdirilməsini təmin etmək məqsədilə İdman TV-nin efirində bu idman növü ilə bağlı verilişin olması planlaşdırılır.


ACF-nin baş katibi Rəşad Rəsullu ölkədaxili və beynəlxalq yarışların canlı yayımının təşkilinin ölkədə cüdonun daha da populyarlaşması və kütləviləşməsi baxımından önəmli olduğunu qeyd edib: “Xüsusilə bütün yaş qrupları üzrə Azərbaycan birincilikləri və çempionatlarının canlı yayımı cüdonun təbliğatı və idmançıların həvəsləndirilməsi baxımından vacibdir”.

İdman TV-nin direktoru Rövşən Binnətli əsas məqsədlərinin ölkə idmanının inkişafına dəstək vermək olduğunu qeyd edib: “Azərbaycan Cüdo Federasiyası ilə imzaladığımız müqavilə bizə ölkəmizdə çox sevilən idman növlərindən olan cüdonun geniş tamaşaçı kütləsinə çatdırılmasına imkan verəcək. Ölkədaxili yarışların canlı yayımı yeniyetmə və gənclərdə cüdo idman növünə marağın daha da artmasına səbəb olacaq”.

Qeyd edək ki, ötən il böyüklər arasında Avropa çempionatının və böyüklər arasında Azərbaycan çempionatının canlı yayımı İdman TV vasitəsilə həyata keçirilib. 2023-cü il ərzində böyüklər arasında dünya çempionatı, “Masters” turniri, 9 Böyük Dəbilqə və 4 Qran Pri yarışının İdman TV-də yayımı planlaşdırılır. İlk belə yarış 27-29 yanvar tarixində keçiriləcək Portuqaliya Qran Prisi olacaq.

Bununla yanaşı, 5 yaş qrupu üzrə (U15, U18, U21, U23 və böyüklər) Azərbaycan çempionatlarının və birinciliklərinin final görüşlərinin canlı yayımını tamaşaçılar İdman TV-də izləyə biləcəklər. İlk yayım 24-27 yanvar tarixində keçiriləcək U18 yeniyetmələr arasında Azərbaycan birinciliyidir.