Azərbaycan Cüdo Federasiyasının tibbi heyəti beynəlxalq seminarda iştirak edib
20-21 oktyabrda Gürcüstanın paytaxtı Tbilisi şəhərində Avropa Cüdo Birliyinin Tibb Komissiyasının təşkilatçılığı ilə seminar keçirilib. Seminarda Azərbaycanın cüdo üzrə milli yığmalarının baş həkimi Ramil Vəliyev, gənclərdən ibarət milli yığmanın həkimi Ceyhun Əliyev və yeniyetmələrdən ibarət milli yığmanın həkimi Şahin Məmmədov iştirak edib.
Seminarda yarışlarda idmançıların aldığı zədələnmələr, onların ağırlıq dərəcəsinə görə təsnifatı, zədələrin önlənməsi yolları və digər mövzular müzakirə olunub. Ramil Vəliyev seminarda Azərbaycan cüdoçularının 2021-2022 və 2022-2023-cü illərdə zədələnmələrinin statistik təhlili mövzusunda çıxış edib. Bəzi qaydalarda tibbi baxımdan dəyişiklərin edilməsi ilə bağlı bir çox müzakirələr aparılıb.
Həmçinin, bir çox təcrübəli həkimlərin qarşılaşdığı hallar və müalicə üsulları ilə bağlı fikir mübadiləsi aparılıb.
Azərbaycan Cüdo Federasiyasının təklifi ilə 2024-cü ildə bu seminarın Bakıda keçirilməsi qərarı alınıb.
Azərbaycan Cüdo Federasiyası idmançıların və heyət üzvlərinin sağlamlığını öndə tutaraq milli yığma komandalarının həkimlərinin ən son tədqiqatlardan və tibbi təcrübələrdən xəbərdar olması, idmançılara yüksək səviyyədə xidmət göstərilməsi məqsədi ilə gələcəkdə də bu cür təkmilləşdirmə seminarlarında iştirak etmələrini planlaşdırır.