Azərbaycan cüdoçuları Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan Bakı Böyük Dəbilqə turnirində 3 qızıl, 1 gümüş və 1 bürünc medal qazandı
Beynəlxalq Cüdo Federasiyasının (BCF) qərarı ilə, “Dünya Cüdo Turu” çərçivəsində 22-24 sentyabrda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilən Bakı Böyük Dəbilqə turniri keçirilib. Cüdoçularımız tunirdə ümumilikdə 3 qızıl, 1 gümüş və 1 bürünc medal qazanaraq ümumi hesabda və kişilər arasında birinci, qadınlar arasında isə 11-ci yeri tutub. Yarışda medal əyarına görə Gürcüstan idmançıları ikinci yerdə, Yaponiya yığması isə üçüncü yerdə qərarlaşıb.
Milli Gimnastika Arenasında baş tutan turnirdə 61 ölkədən 446 cüdoçu medallar uğrunda mübarizə aparıb. Azərbaycanın cüdo üzrə milli yığma komandası yarışda 11 çəki dərəcəsində 26 kişi və 7 qadın idmançı ilə təmsil olunub.
Yarışın ilk günü qadınlar arasında -48 kq. çəki dərəcəsində yarışan cüdoçumuz Leyla Əliyeva gümüş medalına sahib olub. Kişilər arasında -66 kq. çəki dərəcəsində yarışan cüdoçumuz Yaşar Nəcəfov finalda Yaponiya təmsilçisi Takeşi Takeoka ilə üzləşib. Yaşar yaponiyalı rəqibinə qarşı Klassik Kumi-katadan uçi-mata fəndi işlədərək ippon ilə parlaq qələbə əldə edib.
Turnirin ikinci günündə isə -73 kq. çəkidə Hidayət Heydərov və -81 kq. çəkidə Zelim Tçkayev fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Turnirinin sonuncu yarış günü kişilər arasında -100 kq. çəki dərəcəsində yarışan cüdoçumuz Zelim Kotsoyev üçüncü yer uğrunda mübarizədə xorvatiyalı idmançı Zlatko Kumrik ilə güclərini sınayıb. Zelim rəqibinə “kosoto-gake” fəndi ilə fəndi işlədərək ippon ilə parlaq qələbə qazanıb.
İdmançılarımızı təbrik edirik!