Azərbaycan Cüdosu üçün Uğurlu İl
Ötən il Azərbaycan cüdosu üçün əlamətdar oldu. Hidayət Heydərov və Zelim Kotsoyevin Olimpiya qələbələri, onların Dünya Çempionatında əldə etdiyi uğurların ardınca, komandamızı qlobal arenada ön plana çıxardı və yeni bir mərhələyə yüksəltdi. Bu uğurun memarlarından biri milli komandanın baş məşqçisi, Riçard Trautmandır. Alman mütəxəssis, eyni zamanda Azərbaycan Cüdo Federasiyasının Performans Direktoru olaraq, komandanın yeni Olimpiya dövrü üçün hazırlıq strategiyası və digər vacib mövzular barədə fikirlərini bölüşdü.
- Yaxın günlərdə Azərbaycan Gənclər və İdman Nazirliyinin təşkil etdiyi qala tədbirdə "İlin məşqçisi" seçildiniz. Ötən mövsüm Azərbaycan cüdosu üçün möhtəşəm keçdi. Bu mükafat sizin üçün nə dərəcədə önəmlidir?
- Bakıda belə bir tədbirdə ilk dəfə iştirak etdim və bu, mənim üçün xoş bir təcrübə oldu. Daha əvvəl müxtəlif ölkələrdə bənzər gala gecələrində iştirak etmişdim, lakin burada keçirilən mərasimi görmək xüsusilə maraqlı idi. Azərbaycan Cüdo Federasiyası böyük uğurlar qazandı və mənim də əməyimin qiymətləndirilməsi mənim üçün böyük şərəfdir. Bundan əlavə, Hidayət Heydərov və Zelim Kotsoyevin ilin ən yaxşı idmançıları seçilməsi də sevindirici oldu. Tədbir həqiqətən yaddaqalan idi. Bu mükafata görə Gənclər və İdman Nazirliyinə, təşkilatçılara və məni dəstəkləyən hər kəsə dərin təşəkkürümü bildirirəm.
- Yeni ilə hansı gözləntilərlə başlayırsınız? Qısamüddətli və uzunmüddətli planlar nələrdir?
- Möhtəşəm bir komandamız var və heyətimizdə iki Olimpiya çempionu yer alır. Eyni zamanda, böyük potensiala malik olan istedadlı və perspektivli cüdoçularımız var. Onlar artıq uğurun astanasındadırlar – yalnız bir neçə düzgün addım atmaq qalır. Biz həmçinin gənc nəslimizlə qürur duyuruq – onlar böyük potensiala sahib, inkişafa açıq və yeni zirvələrə çatmağa hazırdırlar. Əsas hədəfimiz, 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Olimpiya Oyunlarında uğurlu çıxış etməkdir. Lakin bu yolda 2026-cı ildə Bakıda keçiriləcək Dünya Çempionatı da mühüm mərhələ olacaq. Bu yarışdakı uğur, Olimpiya məqsədlərimizə çatmaq üçün vacib addımlardan biridir. Biz, Dünya Çempionatında və digər böyük turnirlərdə sabit nəticələr əldə etmək üçün əlimizdən gələni edəcəyik. Eyni zamanda unutmaq olmaz ki, uğur yalnız medallarla ölçülmür. Biz idmançılarımızın sağlamlığının qorunmasına və yeni cüdoçular nəslinin hazırlanmasına xüsusi diqqət ayırırıq. Gələcək qələbələrin əsasını məhz bu gənc idmançılar təşkil edəcək.
- Sağlam və yarışa tam hazır idmançılar hər məşqçinin arzusudur. Keçən il zədə alan cüdoçuların vəziyyəti necədir? Yeni zədələr var?
- Zədələr qaçılmazdır və biz bu məsələni artıq komandanın həkimləri və klubların tibbi mütəxəssisləri ilə müzakirə etmişik. İdmançılar həmişə döyüşməyə hazırdırlar, hətta xırda zədələrlə belə. Lakin bəzən anlamırlar ki, belə yanaşma onların vəziyyətini daha da ağırlaşdıra bilər. Burada düzgün balansı qorumaq vacibdir. Məhz bu səbəbdən, Olimpiadadan sonra mən bütün idmançıların sağlamlıqlarına diqqət yetirməli olduqlarını xüsusi vurğuladım. Elcan Hacıyev, Yaşar Nəcəfov və Gültac Məmmədəliyeva əməliyyat keçiriblər və hazırda bərpa prosesindədirlər. Artıq məşqlərə yenidən başlayıblar, lakin hələ tam gücləri ilə deyil. Buna baxmayaraq, onların irəliləyişi göz qabağındadır və optimal formaya qayıtmaq yolunda uğurla irəliləyirlər. Turan Bayramov və Vüqar Talıbov isə hərbi xidmətə görə müvəqqəti olaraq idman karyeralarına fasilə veriblər. Turan Bayramov yalnız bir ay əvvəl məşqlərə qayıdıb, Vüqar Talıbov isə tezliklə komandaya qoşulacaq. Zelim Tçkayev kimi bəzi idmançılar kiçik zədələrlə mübarizə aparırlar və müalicə alırlar.
İlin əvvəlində Bakı, Paris və Daşkənddə keçiriləcək turnirlərimiz var. Bu yarışlara "eksperimental heyət" qatılacaq və idmançıların hazırlıq səviyyəsinə əsasən seçim aparılacaq. Əsas məqsədimiz, gənc, iddialı və istedadlı cüdoçularımızın gücünü sınamaqdır.
- Heydərov və Kotsoyev keçən mövsümün əsas ulduzları idilər. Olimpiya sonrası ildə onların daha az yarışacağı gözlənilir. Onların yarış planı necə olacaq?
- Hidayət və Zelim artıq tam güclə məşqlərə başlayıblar. Biz onları əsas turnirlərə hazırlayırıq və bu il dörd-beş yarışda iştirak edəcəklər. Əsas diqqət Dünya və Avropa çempionatlarına, İslam Həmrəyliyi Oyunlarına və ehtimal ki, Tokio Böyük Dəbilqəsinə yönəldilib. Bununla belə, İslam Həmrəyliyi Oyunlarının təqvimində qeyri-müəyyənlik var. Yarışın avqust ayında keçirilməsi planlaşdırılır, lakin noyabra təxirə salına bilər. Bu isə Tokio Böyük Dəbilqəsi ilə təqvim toqquşmasına səbəb ola bilər, hansı ki, bizim üçün önəmli yarışlardan biridir.
- Fevralda Bakıda "Böyük Dəbilqə" keçiriləcək. Komanda necə hazırlaşır?
- Olimpiya sonrası ilin ilk turnirləri özünəməxsus xüsusiyyətlərə malikdir – bütün idmançılar optimal formada olmaya bilərlər. Biz hələ heyəti tam dəqiqləşdirməmişik, çünki bəzi cüdoçular hələ də zədələrdən bərpa olunur. Lakin güclü namizədlərimiz var. Məsələn, Murad Fətiyev (90 kq) turnirin hazırkı çempionudur. Bundan əlavə, gənc istedadlarımızdan biri olan Hüseyn Allahyarov (60 kq) böyük ümidlər vəd edir. O, U-23 Avropa Çempionatında qalib gəldikdən sonra, ölkə çempionatında da birinci oldu. Onun Böyük Dəbilqədə çıxışı maraqlı olacaq və biz səbirsizliklə onun performansını gözləyirik.