Azərbaycan cüdosunun 50 illik yubileyinə həsr olunan jurnalist müsabiqəsi elan edilib
Azərbaycan Cüdo Federasiyası (ACF) ölkəmizdə cüdonun yaranmasının 50 illik yubileyi münasibətilə Milli Mətbuat Günü ərəfəsində jurnalist müsabiqəsi elan edir.
Müsabiqədə bütün növ media (TV, radio, qəzet, jurnal, sayt, sosial media) mənsubları iştirak edə bilərlər.
Materiallar aşağıdakı alt mövzuların hər hansı birinə aid olmalıdır:
1) Azərbaycanda cüdonun tarixi
2) Azərbaycanın cüdo qəhrəmanları
3) Cüdonun fəlsəfəsi
4) Cüdo - elitar idman növü kimi
5) Uşaqların sağlam inkişafında cüdonun rolu
Jurnalistlər müsabiqəyə 20 may – 10 iyul 2022-ci il tarixləri ərzində yayımlanacaq materialları təqdim edə bilərlər. Müsabiqədə iştirak etmək istəyən media mənsubları hazırlayacaqları materialların linklərini [email protected] ünvanına (mövzu hissəsinə müsabiqənin 5 alt mövzusunun uyğun olan birinin adını qeyd edərək) göndərməlidirlər. Jurnalistlər materiallarını öz çalışdıqları internet resursların hər hansı birində (sayt, Youtube kanalı, sosial media hesabları və s.) yerləşdirərək, linkini təqdim edə bilərlər. Materialların göndərilıməsi üçün son tarix: 10 iyul saat 23:59-dur. Bir media qurumu adından maksimum 3, bir jurnalist tərəfindən isə yalnız 1 material qəbul olunacaq. Multimedia (video, fotoslayd, infoqrafika) elementlərinin istifadə olunduğu materiallara üstünlük veriləcək.
Materialların şərtlərə uyğunluğu, müəlliflik hüquqlarının qorunması, plaqiat olmaması araşdırılacaq. Obyektivliyi qorumaq məqsədilə 5 nəfərdən ibarət münsiflər heyətinin üzvlərinin adları mükafatlandırma gününədək gizli saxlanılacaq. Hər bir jüri materiallara fərdi qiymət verəcək və sonda qiymətlər toplanaraq, ümumi nəticə çıxarılacaq. Ən çox bal toplayan 10 material müəllifi qalib olacaq.
Qaliblər 22 iyul – Azərbaycan Milli Mətbuatının yaranmasının 147 illiyində elan ediləcək.