Azərbaycan millisi dünya çempionatını fərdi yarışlarını rekord sayda medalla tamamlayıb
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında fərdi yarışlara yekun vurulub.
Milli Gimnastika Arenasında keçirilən yeddinci yarış günündə Azərbaycan millisinin aktivinə daha iki medal əlavə olunub. Kişilərin +100 kq çəki dərəcəsində Uşanqi Kokauri gümüş, Kənan Nəsibov isə bürünc medal qazanıb.
Uşanqi Kokauri finala qədər uğurla irəliləyərək dünya çempionluğu uğrunda görüşdə Rusiya təmsilçisi İnal Tasoyevlə qarşılaşıb. Həlledici görüş rəqibin qələbəsi ilə başa çatıb və Kokauri mundialın gümüş medalına sahib olub. Bu, onun böyüklər arasında dünya çempionatlarında qazandığı ikinci gümüş medaldır. Cüdoçumuz ilk dəfə 2018-ci ildə, yenə Bakıda keçirilən dünya çempionatında ikinci olmuşdu.
Eyni çəki dərəcəsində Kənan Nəsibov da uğurlu çıxış edib. Cüdoçumuz bürünc medal uğrunda görüşdə komanda yoldaşı Camal Qamzatxanovdan üstün olaraq dünya çempionatının üçüncü pilləsində yer alıb. Nəsibov bununla karyerasında iştirak etdiyi ilk böyüklər arasında dünya çempionatındaca medal qazanıb.
Beləliklə, Azərbaycan millisi fərdi yarışları 1 qızıl, 2 gümüş və 4 bürünc olmaqla rekord sayda – 7 medalla tamamlayıb. Əhməd Yusifov (-60 kq) qızıl, Zelim Tçkayev (-81 kq) və Uşanqi Kokauri (+100 kq) gümüş, Rəşid Məmmədəliyev (-73 kq), Ömər Rəcəbli (-81 kq), Murad Fətiyev (-90 kq) və Kənan Nəsibov (+100 kq) isə bürünc medal qazanıblar.
Bu nəticə Azərbaycan cüdosunun böyüklər arasında dünya çempionatları tarixində bir yarışda qazandığı ən yüksək medal sayıdır. Milli komandamız fərdi yarışların medal sıralamasını 93 ölkə arasında 3-cü pillədə başa vurub.
Dünya çempionatına oktyabrın 11-də keçiriləcək qarışıq komanda yarışı ilə yekun vurulacaq.