Azərbaycan millisi Əbu-Dabi Böyük Dəbilqəsinə 3 medalla başlayıb
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən cüdo üzrə Böyük Dəbilqə turnirinin birinci günündə Azərbaycan millisi 2 qızıl və 1 bürünc medal əldə edib.
Könül Əliyeva (-48 kq) bütün rəqiblərini üstələyərək çempion olub və Azərbaycan qadın cüdo tarixində yeni səhifə açıb. O, Böyük Dəbilqə turnirində qızıl medal qazanan ilk azərbaycanlı qadın cüdoçu kimi tarixə düşüb.
Kişilərin -60 kq çəki dərəcəsində Balabəy Ağayev də günü fəxri kürsünün ən yüksək pilləsində başa vurub. Cüdoçumuz finalda Tacikistan təmsilçisi Loiq Kudbudinovdan üstün olaraq turnirin qalibi adını qazanıb.
-66 kq-da Rəşad Yelkiyev bürünc medala sahib olub. O, üçüncü yer uğrunda qarşılaşmada Özbəkistan cüdoçusu Dilşodbek Hamroyevi məğlub edib. Eyni çəkidə çıxış edən Ruslan Paşayev isə yarışı 5-ci yerdə tamamlayıb.
Beləliklə, Azərbaycan yığması Əbu-Dabi Böyük Dəbilqəsinin birinci yarış gününü 3 medalla başa vurub.