Cüdo məşqçiləri beynəlxalq sertifikat imtahanına hazırlaşır
30 yanvar – 1 fevral tarixlərində Beynəlxalq Cüdo Federasiyasının (BCF) Akademiyasında təhsil alan cüdo məşqçiləri üçün “kata” təlimi təşkil olunub.
Təlim zamanı “kata”-nın yerinə yetirilməsi üzrə dərslər keçirilir. Qeyd edək ki, “kata” cüdoda texniki hərəkətlər kompleksidir və onun yerinə yetirilməsinin ciddi qayda və ardıcıllığı vardır. Bu hərəkətlər kompleksinin keyfiyyətli nümayişi cüdoçunun ustalıq səviyyəsini müəyyən edir. “Kata”-nın öyrənilməsi cüdonun əsas fəlsəfi prinsiplərinin mənimsənilməsi və fəndlərin düzgün yerinə yetirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Türkiyə Cüdo Federasiyasının təhsil üzrə direktoru Mehmet Yılmaz tərəfindən keçirilən təlim 6-18 fevralda baş tutacaq BCF-in praktiki imtahanına hazırlıq məqsədi daşıyır.
Nəzərinizə çatdıraq ki, praktiki imtahana hazırlıq üçün ACF 2022-ci il ərzində üç dəfə, 2023-cü ildə isə bir dəfə olmaqla beynəlxalq ekspertlərini iştirakı ilə ümumilikdə dörd əyani seminar təşkil edib. Seminarlar zamanı məşqçilərə əyani formada imtahanda nümayiş etdirməli olduqları müxtəlif hərəkətlər və cüdo texnikaları detallı şəkildə izah edilib.