Cüdo qaydalarındakı dəyişikliklərə həsr olunmuş seminar keçirilib
Azərbaycan Cüdo Federasiyasının (ACF) Hakimlər Komitəsinin təşkilatçılığı ilə milli komandaların Təlim-Məşq Mərkəzində Beynəlxalq Cüdo Federasiyasının tətbiq etdiyi qaydalardakı dəyişikliklərə həsr olunmuş seminar keçirilib.
Seminar ACF prezidentinin müşaviri Natiq Bağırov və ACF-in hakimlər üzrə meneceri, “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Mətin Rəhimlinin rəhbərliyi ilə təşkil olunub.
Tədbirdə aşağıdakı mövzular üzrə ətraflı müzakirələr aparılıb, yeniliklər izah edilib və dəyişikliklər əyani şəkildə nümayiş etdirilib:
- yuko xalının hansı vəziyyətlərdə verilib-verilməməsi ilə bağlı yeniliklər;
- kumikatanın qırılması zamanı icazə verilən hallar və şido cəriməsinin tətbiq olunma meyarları;
- vaxtı uzatmağa görə veriləcək şido cərimələri;
- uşiro-sankaku texnikasının tətbiqi zamanı nəzərə alınacaq nüanslar;
- passivliklə bağlı şido cəriməsinin verilməsində yeniliklər;
- görüş zamanı tibbi müdaxilə ilə bağlı dəyişikliklər.