Cüdo üzrə dünya çempionatının yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib
Bakı-2026 cüdo üzrə dünya çempionatının yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib.
Milli Gimnastika Arenasında təşkil olunan tədbirdə Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti Elnur Məmmədli, icraçı vitse-prezidenti Rəşad Rəsullu, milli komandaların performans direktoru və kişilərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman iştirak ediblər.
Rəşad Rəsullu çıxışında ilk növbədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə idmana, o cümlədən cüdoya göstərilən diqqət və dəstəyə görə təşəkkürünü bildirib. Dövlət başçısının dünya çempionatının açılış mərasimində iştirakı və dünya çempionu Əhməd Yusifovla görüşərək onu təbrik etməsi milli komanda üçün böyük mənəvi dəstək kimi qiymətləndirilib.
ACF-nin icraçı vitse-prezidenti çempionatın yüksək səviyyədə təşkilinə göstərilən dəstəyə görə Beynəlxalq Cüdo Federasiyasına, Gənclər və İdman Nazirliyinə, Milli Olimpiya Komitəsinə, aidiyyəti dövlət qurumlarına, eləcə də ACF əməkdaşlarına, məşqçilər korpusuna, tibbi heyətə, könüllülərə, media nümayəndələrinə və azarkeşlərə minnətdarlığını ifadə edib.
Rəşad Rəsullu milli komandamızın fərdi yarışları 1 qızıl, 2 gümüş və 4 bürünc olmaqla rekord sayda – 7 medalla başa vurduğunu və 93 ölkə arasında medal sıralamasında 3-cü yeri tutduğunu qeyd edib. Bildirilib ki, kişilərdən ibarət yığma 7 çəki dərəcəsinin 5-də medal qazanıb, Əhməd Yusifov isə -60 kq-da dünya çempionu olan ilk azərbaycanlı cüdoçu kimi tarixə düşüb.
Qarşıdakı dövrdə əsas diqqətin əldə olunan nəticələrin davamlılığına, milli komandaların ehtiyatının genişləndirilməsinə və Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına hazırlığa yönələcəyi vurğulanıb.
Mətbuat konfransının sonunda jurnalistlərin dünya çempionatının yekunları və milli komandanın qarşıdakı planları ilə bağlı sualları cavablandırılıb.