Cüdoçularımız Berlin Avropa Kuboku turnirinin ikinci günündə 4 medal qazandı
Almaniyanın paytaxtı Berlin şəhərində gənclər arasında Avropa Kuboku turnirinin ikinci yarış günündə Azərbaycan cüdoçuları 1 qızıl, 1 gümüş və 2 bürünc medal əldə edib.
Yarışın ikinci günündə oğlanların arasında -90 kq. və +100 kq. çəki dərəcələrində, qızlar arasında isə -52 kq. və -57 kq. çəki dərəcəsində 7 cüdoçumuz medallar uğrunda mübarizə aparıb.
Oğlanlar arasında -90 kq. çəki dərəcəsində Vüqar Talıbov bütün rəqiblərinə qalib gələrək yarışın qızıl medalını qazanıb. +100 kq. çəkidə Kənan Nəsibov bürünc medal əldə edib. -90 kq. çəkidə İsmayıl Zamanov və Əjdər Bağırov turniri 7-ci yerdə başa vurublar.
Qızların mübarizəsində -52 kq. çəkidə Aydan Vəliyeva bürünc medala, -57 kq. çəkidə Fidan Əlizadə isə gümüş medala sahib olub.
İdmançılarımız yarışda ümumilikdə 2 qızıl, 2 gümüş və 3 bürünc medal əldə edib. Nəticələrə görə, cüdoçularımız turniri ümumi hesabda 3-cü, oğlanlar arasında isə 2-ci, qızlar arasında isə 8-ci yerdə başa vurub.
İdmançılarımızı təbrik edirik!