Cüdoçumuz Zelim Kotsoyev Dünya çempionu oldu!
Mayın 23-də -100 kq çəki dərəcəsində dünya reytinqində 5-ci olan Zelim Kotsoyev Əbu-Dabidə keçirilən cüdo üzrə Dünya çempionatında qızıl medal qazanıb.
Azərbaycan cüdo məktəbinin fəxri yetirməsi olan 25 yaşlı idmançımız Koreya, İsrail, İspaniya və Portuqaliyadan olan rəqiblərini məğlub edib.
Zelimin rəqibləri arasında Olimpiya bürünc medalçısı, ikiqat dünya çempionu portuqaliyalı Yorqe Fonseka və ikiqat dünya çempionu ispaniyalı Nikoloz Şerazadişvili də olub. Final görüşündə o, kanadalı Şadi Elnahasa qalib gələrək Dünya Çempionu titulunu qazanıb.
Kotsoyev Dünya çempionatındakı qazandığı nəticə ilə Paris 2024 Olimpiya oyunlarına -100 kq. çəki dərəcəsində reytinq cədvəlinin lideri olaraq gedir.
Qeyd edək ki, idmançımız son 2 dünya çempionatında bürünc medal qazanıb və 2023-cü ildə Avropa çempionu olub. Dünya cüdo arenasında yüksək səviyyədə çıxış edən Zelim 16 yaşından Azərbaycan milli komandasının üzvüdür.
Bu əlamətdar nailiyyət münasibətilə xalqımızı təbrik edirik!
Zelim Kotsoyevə Olimpiya səfərində uğurlar arzulayırıq!