"Cüdoya ilk addım" layihəsi
"Cüdoya ilk addım" layihəsi
Hər bir böyük uğur ilk addımla başlayır. Azərbaycan Cüdo Federasiyasının "Özünü kəşf et" sloqanı ilə həyata keçirdiyi "Cüdoya ilk addım" layihəsi də minlərlə məktəblinin idmanla ilk tanışlığına şərait yaratmaqla yanaşı, onların fiziki və mənəvi inkişafına töhfə verməyi qarşısına məqsəd qoyub.
Layihənin əsas məqsədi uşaqları erkən yaşlardan cüdoya cəlb etmək, onlara sağlam həyat tərzini təşviq etmək və cüdonun təməl dəyərləri olan hörmət, intizam, dostluq və qarşılıqlı etimadı aşılamaqdır. İnteraktiv məşğələlər zamanı iştirakçılar cüdonun baza elementləri, təhlükəsiz yıxılma (ukemi) texnikaları və bu idman növünün fəlsəfəsi ilə tanış olublar.
Özünü kəşf et
"Cüdoya ilk addım" layihəsi Azərbaycanın müxtəlif bölgələrini əhatə edib. Layihə çərçivəsində Qəbələ, Naxçıvan, Goranboy və Gəncədə məktəblilər üçün xüsusi təqdimatlar və praktik məşğələlər təşkil olunub. Şagirdlər peşəkar məşqçilərin rəhbərliyi altında tatamiyə çıxaraq cüdo ilə ilk tanışlıqlarını yaşayıb, bu idman növünün həm fiziki, həm də tərbiyəvi əhəmiyyəti barədə ətraflı məlumat əldə ediblər.
Federasiyanın təqdim etdiyi məlumata əsasən, layihə çərçivəsində 3 000-dən çox uşaq cüdo ilə tanış olmaq imkanı qazanıb. Bu göstərici "Cüdoya ilk addım"ı ölkədə uşaq idmanının inkişafına yönəlmiş ən genişmiqyaslı təşəbbüslərdən birinə çevirib. Layihə sayəsində yüzlərlə uşaq sonradan cüdo bölmələrinə yazılaraq məşqlərə davam edib.
Layihənin uğuru beynəlxalq səviyyədə də yüksək qiymətləndirilib. "Cüdoya ilk addım" Beynəlxalq Cüdo Federasiyasının (IJF) "Judo Awards 2025" müsabiqəsində "Judo for Children Project of the Year" ("İlin uşaqlar üçün cüdo layihəsi") nominasiyasında dünyanın yeddi ən yaxşı layihəsi sırasında yer alıb. Bu, Azərbaycan Cüdo Federasiyasının uşaq idmanının inkişafı istiqamətində həyata keçirdiyi fəaliyyətin beynəlxalq səviyyədə tanınmasının göstəricisidir.
"Cüdoya ilk addım" yalnız yeni idmançıların yetişdirilməsinə xidmət etmir. Layihə uşaqlarda özünəinamın formalaşmasına, fiziki aktivliyin artırılmasına və sağlam həyat tərzinin təşviqinə yönəlmiş mühüm sosial təşəbbüsdür. Elə layihənin sloqanı olan "Özünü kəşf et" də bu ideyanı ifadə edir: cüdo vasitəsilə hər bir uşaq öz potensialını kəşf edə, yeni bacarıqlar qazana və gələcəyinə inamla addımlaya bilər.