Dünya çempionatının üçüncü günündə Avropa qitəsinə gedən yeganə medalı Hidayət Heydərov qazandı
-73 kq. çəki dərəcəsində mübarizə aparan idmançımız Avropa çempionu Hidayət Heydərov Daşkənddə keçirilən Dünya çempionatının bürünc medalına sahib oldu.
“Həqiqətən, bir ildə həm Avropa çempionu, həm də dünya mükafatçısı olmaq çox gözəl hissdir. Mən dünya çempionatına qızıl üçün gəlmişdim, lakin italiyalı Manuel Lombardoya məğlub olandan sonra özümü məyus hiss etdim. Buna baxmayaraq məşqçim ilə danışdım və başa düşdüm ki, davam edərək ölkəmə medal qazandırmalıyam. Avropa çempionatından sonra özümə çox əmin idim, indi bilirəm ki, qazanmaq üçün daha çox çalışmalıyam.”,- deyə Hidayət Heydərəv Avropa Cüdo Birliyinin (EJU) saytına verdiyi müsahibəsində bildirib.
İdmançımız ardıcıl olaraq belçikalı idmançı Abdul Malik Umayevi və özbəkistanlı idmançı Şaxram Axadovu geridə qoyaraq ¼ finala adladı. O, bu mərhələdə italiyalı Manuel Lombardo ilə qarşılaşdı və ona məğlub oldu.
Təsəlliverici qarşılaşmada kanadalı idmançı Artur Margelidonla üz-üzə gələn Heydərov rəqibini üstələyərək bürünc medal uğrunda israilli Tohar Butbulla qarşılaşıb. EJU-nun rəsmi saytında dərc olunan məqaləyə əsasən, Hidayət və israilli idmançı Butbul üçüncü olmaq uğrunda çox böyük əzm ilə mübarizə aparırdı, məhz buna görə də idmançılar arasında rəqabət yüksək idi. Rəqibinə “golden score” bölümündə saxlama fəndi ilə qalib gələn Heydərov dünya çempionatının bürünc medalını qazanıb.
“Mənim artıq dünya çempionatından üç medalım var. Bu da o deməkdir ki, mən milli komandanın heyətində dünya çempionatında medalların sayına görə liderliyi əldə edə bilmişəm, lakin hələlik onların hamısı bürüncdür. ”, - H. Heydərov müsahibəsində bildirib.
Link: HEYDAROV TAKES SOLE MEDAL FOR EUROPE ON DAY THREE OF WORLD CHAMPIONSHIPS