Əməkdar məşqçi Tərlan Həsənov: “Kəmər imtahanları Azərbaycanda cüdonun inkişafında yeni səhifə açır”
Əməkdar məşqçi Tərlan Həsənov Azərbaycanda kəmər dərəcələri üzrə keçirilən ilk rəsmi imtahanla bağlı fikirlərini bölüşərək bildirib ki, imtahan ölkədə cüdonun inkişafı və onun perspektivli gələcəyinə təşəbbüs göstərməklə yanaşı, “kata” üzrə Avropa və Dünya çempionlarını meydana çıxaracaqdır:
“Bu imtahan Azərbaycanda cüdonun inkişafında yeni səhifə deməkdir. Əminəm ki, cüdo həvəskarlarının, xüsusən də bu kəmər dərəcəsi imtahanları üçün gələnlərin sayı ikiqat artacaq. Cüdo intellektual idman növü olmaqla yanaşı, həmçinin onun müxtəlif aspektləri var - döyüş və texnika.
Azərbaycanda cüdoda əsasən olimpiya növünə diqqət yetirilir. Azərbaycan Cüdo Federasiyası kəmər dərəcələri üzrə imtahanı keçirməklə, cüdonun əsas aspekti olan "kata"nın da əsaslı təməlini qoydu. “Kata” cüdo sənətini təmsil edir, onun texnikasını, gözəlliyini nümayiş etdirir. Olimpiya proqramında olan cüdonun döyüşkən təbiətindən fərqli olaraq, “kata” daha təhlükəsiz alternativ təklif edir və bu, uşaqlarının təhlükəsizliyindən narahat olan valideynləri cəlb edəcəkdir.
Bu şaxələnmə çox müsbət haldır. Bu o deməkdir ki, cüdo təkcə Olimpiadaya getmək istəyən idmançılara xidmət etməyəcək, həm də “kata” ilə maraqlananlar üçün geniş imkan yaradacaq. Burda imtahan verən uşaqların bir hissəsi Olimpiya növünə yönələcək, bir hissəsi isə “kata” növünə.
Nəticədə inanıram ki, Azərbaycan “kata” üzrə Avropa və Dünya çempionlarının da yüksəlişinin şahidi olacaq. “Kata”ya diqqət yetirən uşaqlar Avropa və Dünya çempionatlarında diqqətəlayiq uğurlara imza ataraq, Azərbaycanın cüdo uğurlarına yeni rəng qata biləcəklər. Kəmər dərəcəsi imtahanlarının tətbiqi idmançılar üçün qapılar açacaq və cüdonun ölkədə fundamental inkişafına töhfə verəcəkdir".