Fransada keçirilən Avropa Kubokunda yeniyetmələrdən ibarət milli komandamız bayrağımızı 9 dəfə dalğalandırdı
23-24 aprel 2022-ci il tarixlərində Fransanın Strasburq şəhərində keçirilən yeniyetmələrin Avropa Kuboku turnirinə yekun vuruldu.
Yarışlarda 20 ölkədən 374 idmançı iştirak edib. Yeniyetmələrdən ibarət yığma komandamızın 18 üzvünün təmsil olunduğu turnirdə ümumilikdə idmançılarımız 1 qızıl, 3 gümüş və 5 bürünc olmaqla 9 medal qazanıblar.
Yarışın ilk günü -50 kq. çəki dərəcəsində yarışan cüdoçularımız Xaliq Məmmədov fransalı rəqibi Elyas Kpadonouya, Məhəmməd Məmişov isə fransalı rəqibi Tiaqo Talonaya qalib gələrək bürünc əldə edib.
-55 kq. çəki dərəcəsində mübarizə aparan idmançımız Məhəmməd Musayev final görüşündə fransalı cüdoçu Dicob Zaçarie ilə qarşılaşıb, görüşün nəticəsində idmançımız gümüş medal qazanıb. Eyni çəki dərəcəsində mübarizə aparan Şahin Oruczadə portuqaliyalı cüdoçu Qonsalo Lampreyaya üstələyərək bürünc medal qazanıb.
-60 kq. çəki dərəcəsində yarışan idmançımız Nizami İmranov fransalı idmançı Dayyan Boulemtafesə qalib gələrək qızıl medala layiq görülüb.
-66 kq. çəki dərəcəsində yarışan idmançımız Əbil Yusubov almaniyalı rəqibi Adam Toszegiyə qalib gələrək bürünc medala layiq görülüb. Eyni çəki dərəcəsində mübarizə aparan idmançımız Nicat Nağıyev final görüşündə fransalı idmançı Kiliyan Noellə qarşılaşıb, nəticədə idmançımız gümüş medala yiyələnib.
Yarışın ikinci günü -73 kq. çəki dərəcəsində yarışan cüdoçumuz Əli Hacızadə final görüşündə britaniyalı cüdoçu Luke Daviyes ilə qarşılaşıb, görüşün nəticəsində idmançımız gümüş medala yiyələnib.
Eyni çəki dərəcəsində yarışan idmançımız Nahid Tarquliyev isə Rumıniya təmsilçisi Simon Muresanı məğlub edərək bürünc medal qazanıb.
Ümumilikdə, komandamız yarışı sıralamada ümumi hesabda üçüncü, kişilər arasında isə ikinci yerdə tamamlayıb.
İdmançılarımızı təbrik edirik!