İslamiada: Cüdoçularımız fərdi yarışları 9 medalla başa vurublar
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil olunan VI İslam Həmrəyliyi Oyunlarının cüdo yarışlarında fərdi mübarizələr başa çatıb.
İkinci yarış günündə cüdoçularımız 1 qızıl, 1 gümüş və 3 bürünc olmaqla 5 medal sevinci yaşayıblar.
Qadınlar arasında -70 kq çəki dərəcəsində çıxış edən Südabə Ağayeva bütün rəqiblərini məğlub edərək İslamiadanın qalibi olub. Bu çəkidə Aytac Qardaşxanlı bürünc mükafata yiyələnib. Zelim Kotsoyev (-100 kq) yarışı gümüş, Elcan Hacıyevlə (-90 kq) Uşanqi Kokauri isə bürünc medalla tamamlayıblar.
Bununla da Azərbaycan cüdoçuları fərdi yarışları 9 medalla başa vurublar. Daha əvvəl Hidayət Heydərov (-73 kq) qızıl, Könül Əliyeva (-48 kq) gümüş, Aydan Vəliyeva (-52 kq) və Ruslan Paşayev (-66 kq) bürünc mükafat əldə ediblər.
Qeyd edək ki, cüdo üzrə Azərbaycan millisi noyabrın 10-da qarışıq komanda yarışında çıxış edəcək. Yığmamız 1/4 finalda Səudiyyə Ərəbistanı kollektivi ilə qarşılaşacaq.