Kənan Nəsibov Zaqreb Qran-Prisinin ikiqat qalibi olub
Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən cüdo üzrə Qran-Pri turniri başa çatıb. Azərbaycan millisi yarışı 1 qızıl və 1 bürünc olmaqla, ümumilikdə 2 medalla tamamlayıb.
Noyabrın 15-də, turnirin sonuncu günündə +100 kq çəki dərəcəsində mübarizə aparan Kənan Nəsibov qızıl medal qazanıb. Bununla da cüdoçumuz Zaqreb Qran-Prisində ikinci dəfə çempionluq sevinci yaşayıb.
Nəsibov yarışa 1/8 final mərhələsindən başlayıb. Təmsilçimiz ilk görüşündə qazaxıstanlı Jantilek Nurtilepulini, 1/4 finalda isə fransalı Tieman Diabini məğlub edib. Yarımfinalda gürcüstanlı Saba İnaneişvilini üstələyən cüdoçumuz finala vəsiqə qazanıb. Həlledici qarşılaşmada Almaniya təmsilçisi Losseni Kone üzərində qələbə qazanan Nəsibov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, turnirin ilk yarış günündə Gültac Məmmədəliyeva (-52 kq) bürünc medala sahib olub.
Beləliklə, Azərbaycan cüdoçuları Zaqreb Qran-Prisini 2 medalla başa vurublar.