O, bunu da bacardı! Hidayət Heydərov artıq Olimpiya zirvəsindədir!
Bu il apreldə Zaqrebdə karyerasında dördüncü dəfə Avropa, mayda Əbu-Dabidə ilk dəfə dünya çempionu olan Hidayət Heydərov (73 kq) Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında da qələbə üçün sonuna qədər mübarizə apardı.
Beləliklə, Elnur Məmmədlinin Pekin-2008-dəki çempionluğundan 16 il sonra Azərbaycan cüdoda növbəti olimpiya qızılını qazandı. Hidayət bu nailiyyət sayəsində həm adını Azərbaycan tarixinə bir ildə üç böyük turnirin qalibi olan ilk idmançı kimi yazdırdı, həm də cüdo idman növü üzrə karyerası ərzində hər üç titula sahib çıxan ilk azərbaycanlı oldu.
2023-cü ilin sentyabr ayından bu yana qatıldığı yarışlarda olduqca yüksək performans ortaya qoyan Hidayət Heydərov Parisə dünya reytinqinin lideri kimi yollanmışdı.
Cüdoçumuz yarış ərzində yüksək əzmkarlıqla mübarizə apardı. O, heç bir rəqibinə fənd şansı vermədi. Beynəlxalq Cüdo Federasiyasının Hidayətin çıxışı ilə bağlı hazırladığı yazıda qeyd edildiyi kimi, o, yetərincə güclü, texnikaya malikdir və bəzən ötən gün olduğu kimi, əziyyət çəkəndə belə, istəyinə çatmaq üçün resurs tapa bilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva da Hidayət Heydərovu bu qələbə münasibətiylə təbrik etdi.
Hidayət Heydərovu və bütün xalqımızı bu qələbə münasibəti ilə təbrik edirik!