O qayıdır…
Yüksək texnika, güc, cəldlik, zövqlü döyüş… Bu xüsusiyyətlərin hamısı Azərbaycan bayrağı altında mübarizə aparan Səid Mollayidə toplaşıb. -81 kq. çəki dərəcəsində mübarizə aparan idmançımız Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Qran Pri turnirinin ikinci günündə rəqiblərini ard-arda üstələyərək, yüksək performans nümayiş etdirdi və gümüş medala sahib oldu.
Beynəlxalq Cüdo Federasiyasının saytında dərc olunan məqaləyə əsasən, Səid Budapeştə Böyük Dəbilqə turnirində finalda məğlub olduğu rəqibi braziliyalı Qilyerme Şmit ilə hesablaşmaq istədi. Mübarizə yarımfinalda baş tutdu, o, görüşün sonuna bir neçə saniyə qalmış “waza-ari” ilə qalib gəldi. Belə ki, Mollayi Dünya Cüdo Turuna qayıtdıqdan sonra ardıcıl olaraq ikinci dəfə finala çıxdı.
Müəllifin sözlərinə görə, “Keçmiş dünya çempionu xoşbəxt, diqqətli, cüdoya vurğun və yeni komanda yoldaşlarını sevindirmək arzusunda görünür”.
Cüdoçumuzun performansı yüksək qiymətləndirilib və bildirilib ki, getdikcə o qızıl medala daha da yaxınlaşır, sona çatanda bir az büdrəyir, bu da zaman məsələsidir, çünki o daha güclü olaraq qayıdır.