Ölkə çempionatının püşkatma mərasimi keçirilib
Dekabrın 4-də qadınlar və kişilər arasında ölkə çempionatının püşkatma mərasimi keçirilib. Tədbirdə Azərbaycan Cüdo Federasiyasının (ACF) icraçı vitse-prezidenti Rəşad Rəsullu, ACF prezidentinin müşaviri və Hakimlər Komitəsinin sədri Natiq Bağırov, baş katibin müavini və idman direktoru Kamran Talıbov iştirak ediblər.
Rəşad Rəsullu çıxışında Gənclər və İdman Nazirliyinə, yarışın sponsoru “Azman Holding”ə və Federasiyanın baş sponsoru “AzercellTelecom”a təşəkkürünü bildirib. O, 50 klub və idman təşkilatından 206 idmançının çempionatda çıxış edəcəyini deyib. R.Rəsullu yarışların yüksək səviyyədə təşkili üçün bütün lazımi addımların atıldığını vurğulayaraq azarkeşləri görüşləri arenadan izləməyə dəvət edib.
Natiq Bağırovçempionata yerli və beynəlxalq dərəcəli ən təcrübəli hakimlərin cəlb olunduğunu diqqətə çatdırıb. O, qarşılaşmalarınədalətli və şəffaf keçiriləcəyinə inamını ifadə edərək bütün idmançılara uğurlar arzulayıb.
Kamran Talıbov püşkatma mərasimində yarışın proqramı barədə məlumat verib, daha sonra püşkatmaya start verilib.
Qeyd edək ki, ölkə çempionatı 5–7 dekabr tarixlərində Bakı İdman Sarayında keçiriləcək. Arenaya giriş sərbəstdir. Yarış “CBC Sport” telekanalında və Azərbaycan Cüdo Federasiyasının rəsmi “YouTube” kanalında canlı yayımlanacaq.