ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Qələbənin bəsirət gözü - VİDEO

Qələbənin bəsirət gözü - VİDEO

Cüdo tariximizin İlham Zəkiyev dərsliyi

İşğal altında olan torpaqlarımızı əsarətdən qurtaranların əksəriyyəti Qarabağı heç vaxt görməmiş gənclərimiz oldu. Onlar həqiqətə şəhadətə yüksələcək qədər əmin idilər. Görmədən sevməyin qarşılığı isə qəhrəmanlıqdır. İlham Zəkiyev gözlərinin nurunu itirənə qədər gördüyü, sonra isə görmədiyi vətəni üçün savaşdı. 1999-cu ilin fevralında Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirən İlham düşmən snayperinə tuş gəldi. 5 günlük koma vəziyyətindən sonra Zəkiyev gözlərini açsa da heç nə görmədi. Elə həmin gündən İlham yalnız qarşısındakı məqsədləri görür və ona doğru irəliləyirdi. İlhamın görməklə bağlı aforizmi onun həyat kredosuna çevrildi. Sizin gördüyünüzü mən hiss edirəm, amma mən hiss etdiyimi siz görmürsünüz. Elə bu şüar Zəkiyevi tataminin qəhrəmanına çevirdi. 2002-ci ildə məşqlərə başlayan cüdoçu cəmi 2 il sonra Afinada paralimpiya çempionu oldu. İlham Olimpi onun vətənində fəth etdi. Taleyini əks fəndə salmış cüdoçu uzun illər yaxasını heç bir rəqibin əlinə vermədi. Azərbaycanı Paralimpiya oyunlarında təmsil edən ilk cüdoçu kimi tarixə düşən Zəkiyevin qarşısını Çin səddi də kəsə bilmədi. 2008-ci ildə Pekin Olimpiadası İlhamın növbəti triumfu oldu. Avropa çempionatlarının 7 qızıl medalını qazanmış Zəkiyevin boynunda 2 dünya çempionatının qızılı da var. Prezidentin fəxri diplomu, Şöhrət ordeni və tərəqqi medalına layiq görülmüş İlham Zəkiyev görmə məhdudiyyətinin məhdudiyyət olmadığını sübuta yetirdi. Duruşu, iradəsi və əzmi ilə. Məhz İlham kimi qəhrəmanlar bu vətəni görmədən sevməyi, işğaldan azad etməyi bacardı. Fəxri kürsüdə hər kəsdən hündürdə olduğunu hiss edən Zəkiyev üçün eşitdiyi gördüyündən əziz idi. Axı biz də himni oxuyanda gözlərimizi yumuruq. Yüksələn bayrağa Zəkiyevin bəsirət gözü ilə baxmaq əsl qəhrəmanlıqdır.

Müsabiqə iştirakçısı: Mehman Rəsulov
Media: Real TV