Qızlara ağ yaraşır!
“Azercell Telekom”un Azərbaycan Cüdo Federasiyası (ACF) ilə əməkdaşlığı çərçivəsində həyata keçirdiyi genişmiqyaslı sosial layihənin növbəti etapı ölkəmizdə, xüsusilə də, bölgələrdə erkən nikah probleminə ünvanlanıb. Belə ki, qızların yeniyetmə yaşlarda təhsildən, idmandan və ya sevdiyi digər məşğuliyyətlərdən məhrum edilib nikaha daxil olması və ya buna məcbur edilməsi onların bir fərd kimi inkişafına mənfi təsir göstərir.
Azərbaycan gənclərinin məğrur tərəfdaşı “Azercell Telekom” MMC erkən evliliyin gənc qızların təhsil almaq imkanını və vətəndaşlıq hüquqlarını məhdudlaşdırdığını, sosial-mədəni inkişafa və milli genofonda mənfi təsir göstərdiyini nəzərə alaraq kampaniyaya start verib. Kampaniya valideynləri övladlarını idmana yazdırmağa həvəsləndirmək, ən azı onları bu mövzuda düşündürmək məqsədi daşıyır.
Qızlara ağ yaraşır, lakin bu, erkən yaşda gəlinlik deyil, cüdo idman növünün əsas simvollarından biri olan ağ cüdoqidir.
Kampaniya çərçivəsində cüdo məktəbləri və bölmələri olan bölgələrimizdə qeydiyyatdan keçən ilk 1000 qız tələbəyə cüdoqi hədiyyə olunacaq. Qeyd edək ki, Azərbaycan Cüdo Federasiyası layihənin inkluzivliyini təmin etmək üçün əlavə imkanlar təqdim edib bu istiqamətdə müxtəlif aksiyalar keçirməyi planlayır.
Azərbaycan gənclərinin məğrur tərəfdaşı “Azercell Telekom” MMC-nin bu yöndə silsilə təşəbbüsləri ölkəmizdə idmana olan marağın daha da artmasına, cəmiyyətdə sağlam həyat tərzinin təbliğatına və maarifləndirmə işinin gücləndirilməsinə böyük töhfədir.
Qızları cüdoya yazdırmaq üçün aşağıdakı nömrələrə zəng edə və ya veb-saytımıza daxil ola bilərsiniz:
(+994 50) 226 28 35
(+994 50) 226 28 34