"Qızlara ağ yaraşır" layihəsi
"Qızlara ağ yaraşır" layihəsi
İdman bəzən medallardan daha böyük missiya daşıyır. O, cəmiyyətin diqqətini illərlə mövcud olan problemlərə yönəldə, stereotipləri dəyişə və yeni imkanlar yarada bilir. Azərbaycan Cüdo Federasiyası ilə "Azercell Telekom"un birgə həyata keçirdiyi "Qızlara ağ yaraşır" sosial layihəsi də məhz bu ideya üzərində qurulub. Təşəbbüs qızların idmana cəlb edilməsini təşviq etməklə yanaşı, erkən nikah kimi aktual sosial problemə diqqət çəkərək cəmiyyətə fərqli mesaj verməyi qarşısına məqsəd qoyub.
2023-cü il iyunun 12-də təqdim olunan layihənin əsas çağırışı sadə, lakin təsirli idi: qızlara ağ gəlinlikdən əvvəl ağ cüdoqi yaraşır. Bu mesaj vasitəsilə valideynlər qız övladlarının təhsilinə, inkişafına və idmanla məşğul olmasına dəstək verməyə çağırılırdı. Layihə 7–14 yaşlı qızları cüdoya cəlb etməyi hədəflədi və Azərbaycan Cüdo Federasiyasının məktəb və bölmələrinin fəaliyyət göstərdiyi bölgələrdə qeydiyyatdan keçən ilk 1000 iştirakçıya cüdoqi və bir ay ödənişsiz məşq imkanı təqdim edildi.
Layihənin diqqətçəkən cəhətlərindən biri sosial mesajın konkret fəaliyyətlə tamamlanması idi. Təşkilatçılar yalnız maarifləndirmə kampaniyası aparmaqla kifayətlənmədilər, qızların cüdoya başlaması üçün praktik imkan yaratdılar.
Cüdonun gücü ilə dəyişən talelər
Qısa müddətdə təşəbbüs geniş maraq doğurdu və ilk iki həftə ərzində artıq 500-ə yaxın qız cüdo məşqlərinə qoşuldu. Bir neçə ay sonra isə layihə qarşıya qoyduğu əsas hədəfə çatdı – 1000 qız ağ cüdoqi geyinərək cüdo ailəsinin üzvünə çevrildi.
"Qızlara ağ yaraşır" yalnız iştirakçı sayı ilə deyil, yaratdığı sosial təsirlə də diqqət çəkdi. Layihənin nəticəsində Azərbaycanda cüdo ilə məşğul olan qızların sayında 100 faizlik artım qeydə alındı. Bu göstərici təşəbbüsün sadəcə kommunikasiya kampaniyası olmadığını, real dəyişiklik yaratdığını nümayiş etdirdi.
Layihənin uğuru beynəlxalq səviyyədə də yüksək qiymətləndirildi. "Qızlara ağ yaraşır" qısa müddətdə kommunikasiya və marketinq sahəsinin nüfuzlu festivallarında bir sıra mükafatlara layiq görüldü. Kampaniya əvvəlcə "Ad Black Sea" festivalında Qran-pri qazandı, daha sonra Mərkəzi Asiyanın ən böyük kommunikasiya festivalı olan "Red Jolbors"da da Qran-pri və bir neçə qızıl, gümüş, bürünc mükafat əldə etdi. Ardınca "Epica Awards" festivalında Azərbaycanın reklam və marketinq tarixində ilk dəfə beynəlxalq mükafat qazanan layihələrdən biri oldu. 2024-cü ildə isə "White Square" Beynəlxalq Reklam və Marketinq Festivalında da mükafatlarla təltif edildi.
Layihə ölkə daxilində də yüksək qiymətləndirildi. Milli Olimpiya Komitəsi onu "İlin ən yaradıcı layihəsi" seçdi, Gənclər və İdman Nazirliyinin 2023-cü ilin idman yekunlarına həsr olunmuş qala mərasimində isə kampaniyanın videoçarxı "İlin ən yaxşı idman filmi" nominasiyasında ikinci yerə layiq görüldü.
"Qızlara ağ yaraşır" Azərbaycan Cüdo Federasiyasının son illərdə həyata keçirdiyi sosial məsuliyyət təşəbbüsləri arasında xüsusi yer tutur. Layihə idmanın yalnız yarış meydanında deyil, cəmiyyətin inkişafında da mühüm rol oynaya biləcəyini göstərdi. Qızların idmana cəlb olunması, sağlam həyat tərzinin təşviqi və erkən nikah probleminə diqqətin artırılması kimi məqsədləri bir araya gətirən təşəbbüs həm ölkə daxilində, həm də beynəlxalq platformalarda uğurlu sosial layihə nümunəsi kimi qəbul olundu. Onun ən böyük nailiyyəti isə mükafatlar deyil, ağ cüdoqi geyinərək öz gələcəyini fərqli istiqamətdə qurmağa başlayan yüzlərlə qızın həyatına toxuna bilməsi oldu.