Rüstəm Orucov və Orxan Səfərovun iştirakı ilə Gəncədə cüdo üzrə ustad dərsi keçirildi
Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə 18 sentyabrda Gəncə şəhərində cüdo təlim mərkəzində təcrübəli cüdo mütəxəssislərinin iştirakı ilə ustad dərsi keçirilib.
Olimpiya, dünya və Avropa çempionatlarının mükafatçıları Rüstəm Orucov və Orxan Səfərovun iştirakı ilə baş tutan ustad dərsində müxtəlif cüdo fəndlərinin yerinə yetirilməsi qərb regionundan olan uşaqlara və gənclərə nümayiş etdirilib. Onlar iştirakçılara cüdoçuların əməl etməli olduqları qaydalar haqqında geniş məlumat veriblər. İştirakçılar müxtəlif fəndləri yerinə yetirməyə çalışıblar.
Tədbir zamanı Rüstəm Orucov və Orxan Səfərov iştirakçılarla öz təcrübə və biliklərini ilə bölüşüb, lazımi tövsiyə və məsləhətlərini veriblər.
Daha sonra Rüstəm Orucov və Orxan Səfərov iştirakçılar üçün öz imzalı fotolarını təqdim edib və onlarla xatirə şəkli çəkdiriblər.
Bu cür layihələrin həyata keçirilməsində ACF-in əsas məqsədi gənc nəslin fiziki və mənəvi sağlamlığına töhfə vermək, idmanla məşğul olan uşaqların, gənclərin sayını artırmaq və cüdo idman növünü təbliğ etməkdir.