Şəkidə məşqçilər üçün seminar keçirildi
7 oktyabrda Şəki Olimpiya İdman Kompleksində Şimal-Qərb bölgəsindən olan məşqçilər üçün seminar təşkil olunub.
Seminar Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvləri Olimpiya dərəcəli hakim Fariz Hüseynov və beynəlxalq dərəcəli “B” kateqoriyalı hakim Arzu Acalova tərəfindən keçirilib. Seminarda rəqibi itələyərək "işçi zona"dan çıxartma və cüdoçuların hansı hallarda cərimə olunacağı haqqında ətraflı məlumat verilib. Bir sıra fəndlər əyani şəkildə nümayiş etdirilib.
Seminarın sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Azərbaycan Cüdo Federasiyası bundan sonra da region idmançılarının rəqabət qabiliyyətlərinin artırılması və regionlarda cüdonun daha da kütləviləşdirilməsi üçün müvafiq tədbirlərini davam etdirəcək.