“Söz verirəm” kampaniyası məktəblərdə!
Noyabrın 7-si Azərbaycan Cüdo Federasiyası (ACF) "Azercell Telekom” MMC ilə birgə keçirdiyi “Söz verirəm” sosial layihəsi çərçivəsində Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən 237 nömrəli tam orta məktəbdə kampaniya təşkil edib.
100-ə yaxın şagirdin iştirakı ilə keçirilən maarifləndirici görüşdə qısnamanın mahiyyəti, potensial təhlükələri və buna qarşı durmağın zəruriliyi haqqında məlumat verdilər.
Tədbir zamanı uşaqlar müzakirələrdə fəal iştirak etdilər və qısnamaya qarşı öhdəlikləri götürməyə təşviq edildilər. Hər bir uşaq “Söz verirəm" sertifikatını imzaladı, bu isə onların qısnamaya qarşı olduqlarını simvolizə etdi. Bundan əlavə, onlar məlumatlandırıcı bukletlər və bilərziklər əldə etdilər.
“Söz verirəm” sosial kampaniyasının əsas məqsədi ölkəmizdə idmana olan marağı daha da artırmaq, cəmiyyətdə sağlam həyat tərzini təbliğ etməklə yanaşı, son zamanlar gənclər və yeniyetmələr arasında qlobal səviyyədə aktual olan qısnama (bullinq) mövzusuna toxunur.
ACF “Bir məktəb bir klub” layihəsinin xətti ilə “Söz verirəm” kampaniyası çərçivəsində paytaxt Bakı və region məktəblərində görüşləri davam etdirəcəkdir.