U-15 kiçik yaşlı yeniyetmələr arasında Azərbaycan biriciliyi keçiriləcək
23-26 mayda Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə cüdo üzrə 15 yaşa qədər kiçik yaşlı yeniyetmə oğlanlar və qızlar arasında Azərbaycan birinciliyi keçiriləcək.
Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində baş tutacaq yarışda qızlar və oğlanlar arasında 20 çəki dərəcəsində qaliblər bəlli olacaq. Yarışda 700-ə yaxın idmançı medallar uğrunda mübarizə aparacaq.
Birinciliyin fərdi yarışları 23-25 mayda, komanda yarışları isə 26 mayda baş tutacaq. Qarşılaşmalar hər gün saat 10:00-da start götürəcək. Yarışları izləmək üçün arenaya giriş sərbəstdir.
Yarışın əsas məqsədi kiçik yaşlı yeniyetmələr arasında idman vasitəsi ilə sağlam həyat tərzinin formalaşdırılması ilə yanaşı, cüdo idman növünə marağın artırılması, cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdır.
İdmançılarımıza uğurlar arzulayırıq!