U-18 yeniyetmələrin Bakı şəhər birinciliyində 600-dən çox cüdoçu mübarizə aparacaq
13-15 dekabrda Azərbaycan Cüdo Federasiyası və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə U-18 yeniyetmə cüdoçuların Bakı şəhər birinciliyi keçiriləcək.
Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində baş tutacaq yarışda paytaxtın 56 müxtəlif klub, cəmiyyət və idman təşkilatından 671 (626 oğlan, 45 qız) cüdoçu medallar uğrunda mübarizə aparacaq.
Yarışın əsas məqsədi müvafiq yaş qrupu üzrə gələn il keçiriləcək Azərbaycan birinciliyinə namizədlərin seçimini etmək və eyni zamanda yeniyetmələr arasında idman vasitəsi ilə sağlam həyat tərzinin formlaşdırılması, həmçinin cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdır.
Yarışları izləmək üçün arenaya giriş sərbəstdir.
İdmançılarımıza uğurlar arzu edirik!