U-18 yeniyetmələrin Bakı şəhər birinciliyində 800-ə yaxın cüdoçu mübarizə aparacaq
7-9 noyabrda Azərbaycan Cüdo Federasiyası və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 18 yaşa qədər yeniyetmə cüdoçular arasında Bakı şəhər birinciliyi keçiriləcək.
Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində baş tutacaq yarışda qızlar və oğlanlar arasında 18 çəki dərəcəsində qaliblər bəlli olacaq. Yarışda Bakının 66 müxtəlif klub, cəmiyyət və idman təşkilatından 795 cüdoçu medallar uğrunda mübarizə aparacaq.
Yarışın əsas məqsədi yeniyetmələr və gənclər arasında idman vasitəsi ilə sağlam həyat tərzinin formlaşdırılması, həmçinin cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdır. Turnir müvafiq yaş qrupu üzrə gələn il baş tutacaq Azərbaycan birinciliyinə seçim xarakteri daşıyır.
Yarışları izləmək üçün arenaya giriş sərbəstdir.