Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan Bakı Böyük Dəbilqə turnirinin təntənəli açılış mərasimi keçirildi
Sentyabrın 22-si Milli Gimnastika Arenasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş Bakı Böyük Dəbilqə turnirinin açılış mərasimi keçirilib.
Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin idmana və bədən tərbiyəsinə verdiyi önəm haqqında video çarx nümayiş olunub. Videoda Ümummilli Liderin cəsarət, hörmət, dostluq kimi dəyərlərə verdiyi önəm və gənc nəsillərin sağlam gələcəyi naminə ölkədə cüdonun kütləvi şəkildə inkişaf etdirilməsinə dair tapşırıqları əks olunub.
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirinin müavini Mariana Vasileva ölkəyə səfər edən idmançıları və heyətləri salamlayıb və bildirib ki, cüdo idman növü Azərbaycan Cüdo Federasiyasının səyləri nəticəsində ölkənin bütün bölgələrdə inkişaf etməkdədir: “Ölkəmizdə idman Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyev tərəfindən xüsusi diqqətlə əhatə olunub. Artıq 9-cu dəfə Azərbaycanda keçirilən Bakı Böyük Dəbilqə turniri 61 ölkədən 441 idmançını bir araya toplayıb. Bu yarış idmançılara Paris-2024 Olimpiya Oyunları üçün xallar qazanmağa imkan verəcək. Qoy güclü qalib gəlsin!”.
Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev turnir iştirakçılarını salamlamaqdan böyük məmnunluq duyduğunu bildirib və ölkədə idmanın inkişafından danışıb: “Bu gün Azərbaycan, Ulu Öndər Heydər Əliyevin gələcəyə baxışında olduğu kimi, güclü, inkişaf etmiş və öndə gedən idman ölkələrindən biridir. Cənab Prezident İlham Əliyevin diqqət və dəstəyi nəticəsində idmançılarımız, o cümlədən cüdoçularımız beynəlxalq turnirlərdə uğurla çıxış edirlər. Bu gün Azərbaycan cüdo üzrə qabaqcıl ölkələr sırasında fəxrlə dayanır.” ACF-in prezidenti yeniyetmə və gənc cüdoçuların bu ilki nailiyyətlərinə diqqət çəkib və Xədicə Qədəşovanın ilk qadın dünya çempionu olaraq Azərbaycan cüdo tarixində yeni səhifə açdığını vurğulayıb. Həmçinin, R. Nəbiyev bildirib ki, ACF qızların cüdo ilə məşğul olmasını stimullaşdırmaq məqsədi ilə gender bərabərliyinə xüsusi önəm verir və “Qızlara ağ yaraşır” kampaniyası bu istiqamətdə mühüm addım kimi dəyərləndirib. Daha sonra ACF-in prezidenti Azərbaycanda cüdonun inkişafı üçün görülən işlərdən danışıb: “Ölkəmizdə cüdonun inkişafı üçün infrastrukturun yaxşılaşdırılması, regionlarda yeni cüdo zallarının açılması və tatamilərin paylanılması ilə bağlı geniş işlər görürülüb. Bunun nəticəsidir ki, qısa müddət ərzində ölkədə cüdo ilə məşğul olanların sayı 4 min nəfərdən çox artaraq ümumilikdə 18 min nəfəri ötüb.
Biz federasiya olaraq məşqçilərin peşəkar səviyyəsinin artırılmasına xüsusi önəm veririk və Beynəlxalq Cüdo Federasiyasının (BCF) Akademiyası ilə əməkdaşlığı xüsusi qeyd etmək istərdim. Artıq 70 məşqçimiz bu Akademiyanın sertifikatına malikdir və hazırda daha 100 məşqçi təhsilini davam etdirir.
BCF-in prezidenti cənab Marius Vizerə turnirin təşkilinə göstərdiyi böyük etimada və dəstəyə görə dərin minnətdarlığımı bildirirəm. İnanıram ki, turnir həmişə olduğu kimi yüksək səviyyədə keçəcək və bütün iştirakçılar ölkəmizdən xoş təəssüratlarla ayrılacaqlar. Turnirdə iştirak edən bütün idmançılara uğurlar arzulayıram”.
BCF-in vitse-prezidenti Lazslo Tot və Avropa Cüdo Birliyinin prezidenti tədbiri yekunlaşdırdı: “Heydər Əliyev adına Bakı Böyük Dəbilqə 2023 turnirində iştirak etmək olmaq böyük şərəfdir. Mən prezident Marius Vizerə və BCF komandasına təşkilatçılığa görə təşəkkür etmək istəyirəm. İdmanımızın inkişafına göstərdikləri davamlı dəstəyə görə hökumətə, milli federasiyaya və Milli Olimpiya Komitəsinə xüsusi təşəkkürümü bildirirəm. Hər kəsə uğurlu tədbir arzulayıram. Heydər Əliyev adına Bakı Böyük Dəbilqə 2023-ü açıq elan edirəm!”
Çıxışlardan sonra Azərbaycan Respublikasının və BCF-in dövlət himni səsləndirilib, birinci final blokunun başlamasına az qalmış açılış mərasimi yekunlaşıb.