Yeniyetmələr arasında dünya çempionatında Azərbaycanın cüdo üzrə milli yığması tarixinin ən uğurlu nəticələrindən birinə imza atdı
Dünya çempionatının uzaq Amerika qitəsində keçirilməsi və yarış məkanının dəniz səviyyəsindən xeyli yüksəkdə yerləşməsi nəzərə alınaraq nümayəndə heyəti mühitə adaptasiya məqsədilə hələ 8 gün öncədən Limaya yola salınmışdı.
Dünya çempionatına yalnız oğlanlardan ibarət olmaqla, 7 nəfərlik heyətlə qatılan milli yığmanın dörd üzvü sonda fəxri kürsüyə yüksəlməyi bacardı.
Onlardan Nihad Məmişov (-55 kq.) və Cəsur İbadlı (-73 kq.) bütün rəqiblərinə qalib gələrək qızıl, Məhəmmədəli Hüsiyev (-50 kq.) və Mehdi Abbasov (-81 kq.) isə bürünc medalçı qazandılar. Bununla da Azərbaycan ümumkomanda hesabında yalnız Yaponiyadan geri qalaraq 48 ölkə arasında 2-ci, yalnız oğlanların sıralamasında isə Yaponiyanı da daxil olmaqla, bütün ölkələri qabaqlayaraq 1-ci yeri tutdu.
Çempionlarımızdan Nihad Məmişov ikinci dəfə Dünya çempionu oldu. Çempionat ərzində keçirdiyi beş görüşün hamısında "ippon"la qalib gələn 17 yaşlı idmançımızla bağlı daha bir xüsusi qeyd ediləsi məqam onun bütün qələbələrini "ne-vaza" vəziyyətində qazanması oldu. Məmişovun Peru paytaxtında göstərdiyi yüksək performans Beynəlxalq Cüdo Federasiyasının da diqqətindən yayınmadı. Belə ki, BCF-in rəsmi sosial şəbəkə səhifəsində onunla bağlı edilmiş "ne-vaza-baijan" başlıqlı paylaşım maraqla qarşılandı.
O cümlədən, digər çempionumuz Cəsur İbadlı yüksək əzmkarlıq və qətiyyətlə mübarizə apardı və Azərbaycanın - 73 kq. çəki dərəcəsində yeniyetmələr arasında ilk dünya çempionu kimi tarixə düşdü.
Digər əyarlı medalçılarımıza gəlincə, Məhəmmədəli Hüsiyevin cəmi 15 yaşında Dünya çempionatında bürünc medal qazana bildi.
O, bu ilin iyun ayında Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunan Avropa çempionatında da fəxri kürsünün üçüncü pilləsində yer alıb.
Bunadək bir neçə Avropa kuboku turnirində yüksək yerlərlə diqqət çəkən Mehdi Abbasovun bürünc medalı da həmçinin bir ilklə əlamətdardır. Belə ki, o, 81 kq çəki dərəcəsində dünya çempionatının mükafatını qazanan ilk azərbaycanlı yeniyetmə oldu.
İdmançılarımızı təbrik edirik və onlara yeni-yeni qələbələr arzulayırıq!