Yeniyetmələrin Azərbaycan birinciliyinin açılış mərasimi keçirilib
Yanvarın 16-sı U-18 yeniyetmələrin Azərbaycan birinciliyinin açılış mərasimi baş tutub. Tədbir əvvəlində Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Açılış mərasimində Gənclər və İdman Nazirliyinin (GİN) regionlarla iş üzrə sektor müdiri Yaşar Rzayev və Azərbaycan Cüdo Federasiyasının prezidentinin müşaviri Natiq Bağırov çıxış ediblər.
Yaşar Rzayev Gənclər və İdman Naziri Fərid Qayıbovun adından iştirakçıları salamlayıb və idmançılara uğurlar arzu edib.
Natiq Bağırov çıxışında Azərbaycan birinciliyi ilə bağlı məlumat verib və yarışda ölkənin müxtəlif regionlarından, Sumqayıt və Bakı şəhərindən 99 müxtəlif idman təşkilatından 691 cüdoçunun iştirak etdiyini vurğulayıb. Həmçinin, o, bildirib ki, Azərbaycanın cüdo üzrə qabaqcıl ölkələr sırasında yer alması və cüdoçuların beynəlxalq turnirlərdə fərqlənməsi Cənab Prezident İlham Əliyevin diqqəti və dəstəyinin nəticəsidir. N. Bağırov yarışın təşkilində Gənclər və İdman Nazirliyinə və qurumun rəhbərliyinə təşəkkürünü bildirib.
Qeyd edək ki, yeniyetmələrin Azərbaycan birinciliyinin fərdi yarışları yanvarın 18-dək davam edəcək, komanda yarışları isə yanvarı 19-u baş tutacaqdır.