Murad Fətiyev dünya çempionatının bürünc medalını qazanıb
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında fərdi yarışların beşinci gününə yekun vurulub.
Milli Gimnastika Arenasında keçirilən görüşlərdə Azərbaycan millisinin 4 üzvü mübarizə aparıb. Günün sonunda Murad Fətiyev (-90 kq) bürünc medal qazanaraq yığmamızın aktivinə növbəti mükafatı əlavə edib.
Murad Fətiyev yarışa 1/16 finaldan başlayıb. O, ardıcıl olaraq Teodoros Tselidisi (Yunanıstan), Klen Kristofer Kalyulaydı (Estoniya) və 1/4 finalda Aleksa Mitroviçi (Fransa) məğlub edərək yarımfinala yüksəlib. Bu mərhələdə Yaponiya təmsilçisi Qoki Tajimaya məğlub olan cüdoçumuz bürünc medal uğrunda görüşdə serbiyalı Nemanya Maydovdan üstün olaraq fəxri kürsüyə yüksəlib.
-90 kq-da çıxış edən Elcan Hacıyev ilk iki görüşündə ABŞ təmsilçisi Aleksander Knauf və kanadalı Kiqan Yanqa qalib gəlib. Cüdoçumuz 1/8 finalda fransalı Maksim-Qael Nqayap Hambuya məğlub olaraq mübarizəni dayandırıb.
Eyni çəki dərəcəsində Süleyman Şükürov 1/32 finalda norveçli Kornelius Eylertseni məğlub edib, növbəti mərhələdə isə Qoki Tajimaya uduzub.
Qadınların -70 kq çəki dərəcəsində Südabə Ağayeva 1/32 finalda İspaniya təmsilçisi Ai Tsunoda Roustanta məğlub olub.
Beləliklə, dünya çempionatının beşinci günündən sonra Azərbaycan millisinin medal sayı 5-ə çatıb. Əhməd Yusifov (-60 kq) qızıl, Zelim Tçkayev (-81 kq) gümüş, Rəşid Məmmədəliyev (-73 kq), Ömər Rəcəbli (-81 kq) və Murad Fətiyev (-90 kq) isə bürünc medal qazanıblar.