İbrahim Talıbov Yeniyetmələrin Yay Olimpiya Oyunlarının qalibi olub
Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında Azərbaycan cüdoçusu İbrahim Talıbov qızıl medal qazanıb.
-55 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz bütün görüşlərini qələbə ilə başa vurub. İbrahim Talıbov Mərkəzi Afrika Respublikasından İbrahim Musa, Səudiyyə Ərəbistanından Mutaz Hebah və Xorvatiya təmsilçisi Yona Zvorç üzərində üstünlük əldə edərək Olimpiadanın qalibi olub.
Bununla Azərbaycan cüdosu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında ikinci qızıl medalını əldə edib. Daha əvvəl Vüqar Talıbov (-66 kq) 2018-ci ildə Buenos-Ayresdə keçirilən yarışda çempion olmuşdu.
Azərbaycan cüdoçularının bu yarışlardakı ümumi medal sayı isə 4-ə çatıb. Natiq Qurbanlı (-55 kq) və Leyla Əliyeva (-44 kq) 2014-cü ildə Nankində gümüş medala sahib olmuşdular.