Yeniyetmələrin Olimpiya çempionu İbrahim Talıbov Vətənə qayıdıb
Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında qızıl medal qazanan cüdoçu İbrahim Talıbov Vətənə qayıdıb.
Onunla birlikdə yeniyetmə oğlanlardan ibarət milli komandanın baş məşqçisi Emin İskəndərov və komandanın həkimi Şahin Məmmədov da Bakıya dönüblər.
Heydər Əliyev Beynəlxalq Hava Limanında keçirilən qarşılanma mərasimində Milli Olimpiya Komitəsinin və Azərbaycan Cüdo Federasiyasının əməkdaşları, məşqçilər, media və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
İbrahim Talıbov -55 kq çəki dərəcəsində bütün görüşlərini qələbə ilə başa vuraraq Yeniyetmələrin Yay Olimpiya Oyunlarının qalibi olub. Bununla o, bu yarışda çempionluq qazanan ikinci azərbaycanlı cüdoçu kimi tarixə düşüb.
Buna qədər Vüqar Talıbov (-66 kq) 2018-ci ildə Buenos-Ayresdə qızıl medal qazanmışdı. Natiq Qurbanlı (-55 kq) və Leyla Əliyeva (-44 kq) isə 2014-cü ildə Nankində gümüş medala sahib olmuşdular.
Beləliklə, Azərbaycan cüdoçularının Yeniyetmələrin Yay Olimpiya Oyunlarında qazandıqları medalların ümumi sayı 4-ə çatıb.